Şoyqu istefaya göndəriləcək? - AKTUAL

ABŞ - ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukraynanın uğurlu əks-hücum əməliyyatı Rusiyanın hərbi komandanlığında dəyişikliklərə səbəb olacaq.

Qeyd olunub ki, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı ordu generalı Valeri Gerasimov aprelin 18 də- Prezident Vladimir Putinlə birlikdə Ukraynanın işğal olunmuş ərazilərinə- Xerson və Luqanska səfər etməyiblər: “Bu, Kremlin müharibənin yeni mərhələsi üçün yeni komandirlər təyin etməli olduğuna işarədir”.

Rusiyanın hərbi elitasında ikitirəliyin olması məlumdur. Bu, xüsusilə Müdafiə Nazirliyi ilə "Vaqner" muzdlu hərbi təşkilatı arasındakı ziddiyyətdə özünü göstərir. Rusiya qoşunlarının hücum əməliyyatları uğursuz olduqca ziddiyət daha da dərinləşir və tərəflər bir - birilərini günahlandırmağa çalışırlar.

Görünür, tədricən hərbçilərin siyasi elitadan da narazılığı artır. Çünki onlar məhz siyasi rəhbərliyin tapşırıqlarını yerinə yetirirlər və faktiki olaraq Putinin ambisiyaları uğrunda döyüşürlər. Bununla paralel olaraq siyasi rəhbərlik də, yəqin ki, artıq hərbi komandanlıqdan razı deyil. Çünki ayrı - ayrı yerlərdəki, o cümlədən gərgin döyüşlərin davam etdiyi Donetsk vilayətinin Baxmut şəhərindəki uğursuzluqlar Kremlin reputasiyasına mənfi təsir edir. Beləliklə, Silahlar Qüvvələr daxilindəki ziddiyyət getdikcə hərbi elita ilə siyasi elita arasında müşahidə olunacaq. 
 ABŞ İnstitunun iddia etdiyi kimi, Putinin yaxın zamanda Şoyqu, Gerasimovtək strateji vəzifə sahiblərini istefaya göndərəcəyini düşünmürəm. Çünki bu, daxildə narazılığı daha da artıra və hətta xaos yarada bilər. Kremlin belə riski addım atmağına fikrimcə, hələ ehtiyac yoxdur. Buna baxmayaraq, daha aşağı postda dayanan hərbi vəzifəlilərin işdən azad olunması mümkündür. Halbuki bu da daha çox ictimai rəyi sakitləşdirməyə və "ümid" yaratmağa hesablanacaq.
 Bundan başqa, Şoyqu və Gerasimovun Xerson və Luqanska səfər zamanı Putini müşayət etməmələrini birbaşa olaraq ehtimal edilən  istefalarla əlaqələndirmək doğru olmaz. Amma bu, hərbi və siyasi elita arasında ziddiyyətin mövcudluğunun təzahürü kimi qiymətləndirilə bilər. Fikrimcə, gələcəkdə bu qarşıdurma daha da dərinləşəcək.

Kənan Novruzov