ABŞ son günlər xüsusi fəallıq sərgiləyir

Ancaq konkret sülhdən, hansısa razılaşmadan danışmaq tezdir

Azərbaycan-Ermənistan arasında sülh prosesində irəliyə doğru addım atılması məsələsində ABŞ və Rusiya arasında da müəyyən anlaşma, razılıq olmalıdır

  Mayın 1-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirildi. Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparıldı. Laçın yolundakı vəziyyət də müzakirə olundu. Danışıqların bir neçə gün davam edəcəyi barədə məlumat verildi. “Amerikanın səsi” ABŞ-nin yüksəkrütbəli diplomatlarına istinadla məlumat yayıb ki, Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında “Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar başlayıb. 

Müzakirə olunan sənəd “Münasibətlərin tənzimlənməsi razılaşması” adlanır. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono qeyd edib ki, tərəflər arasında başlayan müzakirələr konstruktiv şəkildə davam edir. Bononun sözlərinə görə, Münhen görüşü tərəflərin sülh prosesinə sadiq olduqlarını açıq şəkildə göstərib. Bono qeyd edir ki, Birləşmiş Ştatlar tərəflərin münasibətlərin tənzimləməsinə, birgə yaşayışa, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliyi gücləndirməyə çalışır. 

Onun sözlərinə görə, bu, bütün məsələlərin müzakirə olunduğu mürəkkəb və əhatəli prosesdir. Dövlət Departamentinin nümayəndəsinin bildirdiyinə görə, tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir. ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson da ümid etdiyini bildirib ki, tərəflər bu həftə məsələnin həllinə nail olmaq üçün “birbaşa və səmimi” müzakirələr aparacaqlar: “Biz bu prosesi dəstəkləməyə sadiqik və davam edə biləcək bu mühüm dialoqa burada ev sahibliyi etməkdən şərəf duyuruq”. Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında Moskva və Brüssellə yanaşı, Vaşinqtonun da diplomatik fəallığı nəzərdən qaçmır. İndiyədək ABŞ-də Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Aprelin 30-da isə Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon danışığında Blinken İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb. 

Bu xüsusda ABŞ-nin dəstəyinin davam edəcəyini önə çəkib. ABŞ-nin Hudzon İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib ki, Entoni Blinken Azərbaycanla sülh müqaviləsi bağlaması üçün İrəvana təzyiq etməlidir. Onun sözlərinə görə, hazırkı danışıqlar Vaşinqtonun vasitəçi kimi rolunun əhəmiyyətli dərəcədə genişləndiyini ifadə edir ki, bu da təqdirəlayiqdir: “Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq. Amma Ermənistanın Baş naziri Nikol Paşinyan belə bir addım atmağa hazır görünmür. İrəvan buna qərar versə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, Blinken üçün Amerika erməni icmasının bir çox nüfuzlu dostları - senator Bob Menendez və Nümayəndələr Palatasının üzvü Adam Şiff İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edirlər”. Eksperlərə görə, rəsmi Vaşinqton Ermənistan-Azərbaycan arasında vasitəçilik səylərinə həm də bölgəni Rusiyanın təsirindən çıxarmaq vasitəsi kimi baxır. 

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ son günlər xüsusi fəallıq sərgiləyir. Partiya rəhbəri vurğulayıb ki, Vaşinqton axırıncı dəfə 20 il bundan qabaq belə aktivlik nümayiş etdirir: 

"ABŞ yenidən təşəbbüsü ələ almağa çalışır. Əlbəttə, əsas məqsəd Rusiyanı bölgədən çıxarmaq, Cənubi Qafqazı, xüsusən Ermənistanı Moskvanın təsir dairəsindən uzaqlaşdırmaq niyyətindədir. Görünən odur ki, Nikol Paşinyan hökuməti də ABŞ ilə yaxınlaşmaqda maraqlıdır. İrəvanın Rusiyanın davamlı görüş təkliflərinə "yox" deməsi, Qərbin təşəbbüsünə meyl etməsi buna dəlalət edir. İlk dəfədir ki, tərəflər arasında məsələlər bu qədər ətraflı, geniş müzakirə olunur. Ola bilər ki, bir sıra məsələlərin dəqiqləşdirilməsi mümkün olsun. Görüş ərəfəsində ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla əlaqə saxlaması da önəmlidir. Söhbət yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasından gedir. Düzdür, ABŞ bu məsələdə həddindən artıq optimistdir. Hətta iddia edilir ki, Ağ Ev İrəvana təzyiq göstərir və ayın sonunadək Ermənistan razılıq verəcək və sənədə qol çəkəcək. Bu, o qədər inandırıcı olmasa da, prosesin irəliyə doğru gedəcəyi istisna olunmur".

  A.Nağı vurğulayıb ki, Rusiya da vəziyyəti görür və təşəbbüsü əldən vermək istəmir:

"Vaşinqton görüşündən sonra Moskvada da tərəflərin bir araya gəlməsi gözlənilir. Azərbaycan-Ermənistan arasında sülh prosesində irəliyə doğru addım atılması məsələsində ABŞ və Rusiya arasında da müəyyən anlaşma, razılıq olmalıdır. Ancaq hələlik bunun əlamətləri görünmür. O baxımdan konkret sülhdən, hansısa razılaşmadan danışmaq da tezdir".

İsmayıl Qocayev