Kılıçdaroğlunu qalib görmək istəyənlər 5 faizdir

Vətəndaşlarımızın 90 faizindən çoxu seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyir

  “Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu Öndərin “bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır. Halbuki Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu ildə nail olundu". Bu barədə Milli Məclisin dünənki iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Deputat deyib ki, əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki helikopter verməkdə risk görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrilib. Sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə toxunan Z.Oruc Azərbaycan xalqının Ərdoğana rəğbətindən danışıb: “Vətəndaşlarımızın 90 faizindən çoxu seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5 faizi Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir. Nəticələr bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi üçün əhəmiyyətli sayır. Rəcəb Tayyib Ərdoğana rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə görədir. Həmçinin İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqe, Ermənistanla aparılan “sülh danışıqları”nda birgə hərəkət, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqil siyasət xüsusi önəm kəsb edir".