“Rusiya bölgədə yeni təxribatlara əl ata bilər”

“Burada söhbət Azərbaycanın, ya da Ermənistanın xeyrinə nəsə etməkdən getmir”

“Əsas məsələ Cənubi Qafqazda kimin öz təsir gücünü, nüfuz dairəsini qoruyub saxlaya biləcəyi ilə bağlıdır”


  ABŞ-də rəsmi Vaşinqtonun vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan XİN başçılarının danışıqları ilə bağlı Rusiyanın mövqeyi birmənalı deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Onun sözlərinə görə, danışıqlarda baş verən proseslər barədə bilavasitə iştirakçılardan maraqlanmaq lazımdır: "Danışıqların yekunu ilə bağlı bəyanatdan sonra tərəflər öz mövqelərini bildirəcəklər və bundan sonra Rusiya tərəfi bunu şərh edə bilər". Bununla yanaşı, Zaxarova ölkəsinin üçtərəfli razılaşmaların bütün müddəalarının həyata keçirilməsinin tərəfdarı olduğunu söyləyib: "İrəvan və Bakı növbəti görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat verəcəyik". Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov da üçtərəfli bəyanatların alternativinin olmadığını demişdi. Onun sözlərinə görə, problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür. Göründüyü kimi, Moskva açıq-aşkar ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. 

  Rusiyanın sərgilədiyi yanaşma ilə bağlı "Şərq"ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Kreml rəsmiləri Vaşinqtonun təşəbbüsü ilə keçirilən görüşlərə istehzalı, ironik münasibət bildirirlər. Deputatın sözlərinə görə, Rusiya demək istəyir ki, Moskvanın iştirakı və müdaxiləsi olmadan Azərbaycan-Ermənistan arasındakı danışıqlarda, sülh prosesində irəliləyiş qeyri-mümkündür və heç bir dövlət burada uğur əldə edə bilməz: 

"Kreml ona görə belə düşünür ki, mövcud konfliktin yaranmasının kökündə birbaşa Rusiya amili dayanır. 1988-ci ildəki proseslərin başlanmasında, ermənilərin təhrik edilməsində, silahlandırılmasında və torpaqlarımızın 20 faizinin 30 il işğalda saxlanmasında Rusiya faktoru əsas olub. Məhz bu səbəbdən Ermənistan üzərindən, Cənubi Qafqazdan əllərini çəkməyi qətiyyən düşünmürlər. Nəzərə alaq ki, Ermənistan adlı ərazidə Rusiyanın hər cür silah-sursata və döyüş hazırlığına malik olan ordusu yerləşdirilib. Bu azmış kimi, üstəlik, 2020-ci ilin noyabr ayından etibarən iki minə yaxın rus qoşunu Azərbaycana, Qarabağa soxuldu. Rusiya deyir ki, əgər bölgədə onlar varsa, rusların ordusu varsa, deməli, kənar qüvvələr Azərbaycan-Ermənistan danışıqlarında söz sahibi ola bilməz. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə tərəflər arasında bir neçə görüş baş tutdu. Amma nəticə olmadı. ABŞ də dünyanın hegemon gücü kimi fəallıq nümayiş etdirir. Pərdəarxası məqsəd yoxdursa, səmimidirsə, sülhə nail olmağa çalışır. Ancaq sirr deyil ki, ABŞ və Avropanın əsas niyyəti Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır. Bunu da ona görə edirlər ki, bölgədə rusların əvəzinə özləri yerləşsin". 
  Parlament üzvü vurğulayıb ki, Rusiya bunu dərk etdiyi üçün regiondan çəkilmək fikrində deyil: "Hətta Vaşinqtonda keçirilən görüşlərdə hansısa ciddi irəliləyişlər olarsa, Rusiya bölgədə yeni təxribatlara da əl ata bilər. Burada söhbət Azərbaycanın, ya da Ermənistanın xeyrinə nəsə etməkdən getmir. Əsas məsələ Cənubi Qafqazda kimin öz təsir gücünü, nüfuz dairəsini qoruyub saxlaya biləcəyi ilə bağlıdır. Yəni dünyanın güc mərkəzləri arasında növbəti rəqabətdir. Öz maraqları naminə bölgə xalqlarını üz-üzə qoyaraq yeni müharibə ocaqları yarada bilərlər. Bunlar çox ciddi məsələlərdir və arzu edirik ki, kənar güclər bir-birinin acığına bizi bəlaya salmasınlar".