SÜLH HAVASI VAR: Paşinyan xalqını yola gətirir


"Ermənistanla Azərbaycan kommunikasiyaların açılması barədə razılığa gəlib"

Baş nazirin “Ermənistan KTMT-ni tərk edə bilər” mesajı Qərblə yanaşı Azərbaycanın da maraqlarına uyğundur


  Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq KTMT-nin Ermənistana göndərməyə hazır olduğu müşahidəçilərin sayını açıqlayıb. Baş nazirin sözlərinə görə, söhbət monitorinq missiyasının 30 üzvündən gedir. O, parlamentdə bəyan edib ki, Azərbaycanla gərginlik zamanı Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətlə dialoq aparır: “Eyni zamanda Ermənistanda belə bir fikir inkişaf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırıq, lakin Azərbaycan hücum etsə, KTMT bizim müdafiəmizə qalxacaq və 30 "güclü müşahidəçi" göndərəcək”.

"Anklavlar məsələsi Münhen və Brüssel görüşlərində Bakı ilə müzakirə olunub"

  Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, İrəvanla Bakı arasında anklavlar məsələsi Münhen və Brüssel görüşlərində müzakirə olunub, lakin hələ həllini tapmayıb. Paşinyan son mətbuat konfransında səsləndirdiyi tezislərə cəmiyyətin reaksiyasına münasibət bildirərək qeyd edib ki, anklavların de-yure statusu təsdiqlənən kimi problemin həlli üçün bir neçə variant ortaya çıxacaq: “Siyasi səviyyədə anklavlar mövzusu çoxdan mövcuddur. Məsələn, ərazilərin mübadiləsi ilə bağlı 1999-cu ilə aid sənəd var”. Paşinyanın sözlərinə görə, Azərbaycan ərazisində Ermənistana, Ermənistan ərazisində isə Azərbaycana məxsus anklavlar var. “Tərəflər bunu siyasi səviyyədə etiraf ediblər. Bununla belə, hüquqi müstəvidə bu anklavların bəziləri ilə bağlı bir sıra suallar mövcuddur. İndi tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra anklavlar məsələsi ortaya çıxır, lakin onların statusu de-yure təsdiqlənən kimi problemin həlli üçün bir neçə variant ortaya çıxacaq”.

Paşinyan yeni nüvə blokunun tikintisi üçün ABŞ ilə danışıqlar aparıldığını deyib

  Baş nazir qeyd edib ki, İrəvan bütün tərəfdaşlarını yeni nüvə blokunun tikintisi ilə bağlı digər tərəflərlə apardığı danışıqlar barədə məlumatlandırır: "Biz bunu gizlətmirik. Hökumət ölkənin nüvə enerjisi sənayesinin imkanlarını inkişaf etdirmək niyyətindədir. Bu proqram çərçivəsində tərəfdaşlarla: Rusiya, ABŞ və üçüncü ölkələrlə fəal danışıqlar aparılır. İrəvan araşdırır və iqtisadi baxımdan ən sərfəli layihəni seçir, bunun üzərində ekspertlər işləyir. Yaxın vaxtlarda ABŞ-yə səfər edəcək Ermənistan nümayəndə heyəti modul reaktorların imkanları ilə tanış olacaq. Bu imkanlarını tədricən artıraraq 300 meqavata qədər gücə malik modulların qurulmasına imkan verəcək”.

Paşinyan Zaxarovaya cavab verib: O mənim həmsöhbətim ola bilməz

  Paşinyan Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya da cavab verib: "Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmsöhbətim ola bilməz. Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, o, yalnız onları nəzərə ala bilər”.

  Ermənistanın Baş naziri bəyan edib ki, Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirən quru yolu məsələsi ayrıca gündəmdə olan məsələ deyil. O, parlamentdə “hökumət saatı” zamanı bildirib ki, mövzu regional kommunikasiyaların bloklanması ilə birlikdə müzakirə olunur. Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması barədə qarşılıqlı əsasda razılığa gəliblər: “Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır. Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır”. Paşinyan Ermənistanın mövqeyinin bütün bu yolların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğuna əsaslandığını deyib.

"Paşinyanın “Ermənistan KTMT-ni tərk edə bilər” mesajı..."

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan və onun nazirləri hər dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etməklə Rusiyanın maraqlarına zərbə vururlar: "İrəvan təşkilatı Ermənistanı qorumadığına görə tənqid etsə də, bu, KTMT-nin ümumi imicinə kölgə salır. Bu səbəbdən Kreml Paşinyanın və erməni nazirlərin KTMT-ni tənqidlərinə sərt reaksiya verir. Kreml Ukraynada işğalçı müharibə fonunda NATO ilə də mübarizəsini davam etdirir və Rusiya üçün belə bir ağır durumda KTMT üzvlərindən birinin təşkilatın yararsız olduğunu daima vurğulaması arxadan vurulan zərbə kimi qiymətləndirilir. Halbuki Rusiya üçün KTMT və Avrasiya İqtisadi Birliyi NATO və Avropa İttifaqı ilə mübarizədə əsas platformalardan sayılır. Paşinyanın “Ermənistan KTMT-ni tərk edə bilər” mesajı Qərblə yanaşı Azərbaycanın da maraqlarına uyğundur. Bölgəmiz nə qədər tez Rusiyanın təsirindən qurtulsa, bir o qədər Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalı olacaq".