“Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa,
Amerikanın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar"
Mayın 24-də
Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş
müşaviri Lui Bono ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında
görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş
zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi müzakirə olunub. Nazir
Ceyhun Bayramov eyni zamanda kommunikasiyaların açılması və delimitasiya
prosesi barədə ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb. Lui Bono ABŞ-nin
sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O,
bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu
diqqətə çatdırıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıblar. Bono ilə nazirin görüşü mayın 25-də Moskvada
Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya
Prezidenti Vladimir Putinin üçtərəfli formatda keçirilən görüşü ərəfəsinə təsadüf
edib. Xatırladaq ki, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan
xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün
davam edən sülh danışıqları baş tutub. ABŞ Dövlət katibi Entoni Blinken
Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində
iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh
razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir
Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ və Qərb diplomatlarının
Cənubi Qafqaz respublikalarına səfərləri, XİN rəhbərləri ilə görüşləri regionda
daimi sülh prosesinin tənzimlənməsinə xidmət edən amillərdən biridir. Partiya təmsilçisi
qeyd edib ki, ümumiyyətlə, Qərb ölkələri, ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan
arasında sülhün bərqərar olmasından sonra kommunikasiya xətlərinin açılması,
iqtisadi əlaqələrin güclənməsi, bölgədəki problemlərin həllində həqiqətən
maraqlıdırlar:

"Çünki Azərbaycan elə bir regionda yerləşir ki, bu həm Qərb,
həm də Şərq üçün körpü rolunu ifadə edir. Ona görə Ermənistanla Azərbaycan
arasında əlaqələrin qurulması və sabitliyin olması xüsusi əhəmiyyət daşıyır.
İranın və Rusiyanın bölgədə destruktiv hərəkətləri imkan vermir ki, tam sülh
olsun. Həm də hər iki ölkə Qərbin sanksiyaları altındadır. Yəni regionda ən əlverişli
və etibarlı tərəfdaş Azərbaycandır. İrəvan hökuməti də Qərbdən müəyyən
çağırışlar almaqdadır. Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın
ərazi bötövlüyünü tanıması ilə açıqlamaları buna xidmət edir. Paşinyan da dərk
edir ki, sülh müqaviləsi imzalanmadığı müddətcə Ermənistanın iqtisadiyyatı
çökür, ölkə böhrana sürüklənir. O baxımdan Paşinyan da əslində Azərbaycanla
sülh müqaviləsinin bağlanmasında, əməkdaşlığın qurulmasında maraqlı olduğunu
gizlətmir. Həmçinin Rusiyanın vasitəçiliyinin bu məsələyə töhfə vermədəyini
anlayır. Qərbin aktivliyini, İrəvanın mövqe dəyişikliyini görən Moskva
revanşist qüvvələrin, Qarabağdakı separatçıların iştirakı ilə prosesin
inkişafına mane olmağa çalışır. Ancaq bunu bacarmır, çünki Qərb daha istəkli və
qərarlıdır. ABŞ diplomatlarının bölgəyə gəlişi, rəsmilərlə görüşləri önəmlidir.
Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, Amerikanın fəallığı işə
yarayar və sülh müqaviləsi imzalanar".