Rusiyanın
müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının
iclasında bir sıra məqamlara toxunub. O qeyd edib ki, Qərb üçün əsas məsələ
uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin
etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Şoyqu buna Avropa
İttifaqının (Aİ) Ermənistandakı missiyasını nümunə göstərib:
“Buna misal olaraq
Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, lakin hərbçilərin və
xüsusi xidmət orqanlarının əməkdaşları da daxil olduğu missiyanı göstərmək
olar. Düşünürəm ki, onların həqiqətdə orada nə etdiklərini izah etməyə ehtiyac
yoxdur. Bu baxımdan, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam
etdirməyi zəruri hesab edirik". Məlumat üçün bildirək ki, Ermənistanın
müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Müdafiə Nazirliyi Şurasının iclası üçün Minskə getməyib. İrəvandan bildirilib
ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərinin KTMT-nin Minsk görüşündə
iştirakından imtina etməsinin siyasi deyil, texniki səbəbləri var.
BAXCP sədrinin
müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, KTMT
missiyasının Ermənistana gəlməsi 44
günlük müharibə dövründə və ondan sonra Paşinyanın arzusu idi. Amma Rusiya bunu
istəmədi:
"Paşinyan KTMT-dən əli üzüləndə Aİ-nın missiyasını dəvət etdi.
Bundan da nəticə alınmayanda yenidən rusların təşkilatına üz tutdu. Görünən
odur ki, Rusiya indiki gərgin geosiyasi durumda Ermənistanda mövcud olması üçün
KTMT-nin Ermənistana gəlməsi fikrinə loyal yanaşır. Qurumun Ermənistana gəlməsi
Paşinyanın gələcəkdə Rusiyanın Ermənistandan çıxarılması planları ilə ziddiyyət
təşkil edir kimi görünsə də, hesab edirəm ki, lazım olduqda təşkilatı Ermənistandan
çıxarmaq Rusiya ordusunu çıxarmaqdan asan olar. Çünki burada qərarı tək Rusiya
verməyəcək. Amma Paşinyan tək bir şeydən çəkinir. KTMT Ermənistanın təhlükəsizliyini
onların istədiyi şəkildə qoruya bilərsə, onda Rusiyanın da avtoriteti Ermənistanda
artar. Rus qoşunlarını çıxarmaq mümkünsüz hala gələr. Qərb də bundan
ehtiyatlanır. Qərb üçün indiki durum sərfəlidir".

Analitik
vurğulayıb ki, Qərb Ermənistana ciddi təhlükəsizlik qarantiyasını bilavasitə öz
əli ilə verə bilmir:
"Buna praktiki olaraq şərait yoxdur. Qərb təhlükəsizlik
qarantiyasını şifahi də olsa, Azərbaycanın dilindən almaq istəyir. Azərbaycan
da bu qarantiyanı onlara verir, təbii ki, öz şərtləri ilə. Bu şərtlər də Ermənistanı
Rusiya ilə Qərbin arasında qoyur. KTMT missiyasının Ermənistana gəlməsi
ehtimalını mümkün hesab etmək olar. Bu, Rusiyanın da maraqlarına uyğundur. Azərbaycan
bunda, fikrimcə, maraqlı ola bilər. O halda ki, rus sülhməramlı kontingenti
Qarabağdan çıxsın və Azərbaycan-Ermənistan sərhədində dayansın. Digər KTMT ölkələrinin
hərbi qüvvələri ilə. Bu, hesab edirəm ki, tərəflər üçün ən məqbul variant
olar".