Paşinyan haqqı deyir, Zaxarova isə əksini
"Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib"
Rusiya
Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın
bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət
bildirib. XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat verib ki, Moskva
Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə
bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən
keçirir. Zaxarova qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları
Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub.
O əlavə edib
ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla
bağlı dəqiq mövqeyinin olması vacibdir:
“Beynəlxalq strukturlar və regional ölkələr
tərəfindən göstərilən vasitəçilik səyləri var. Əlbəttə, imzalanmış sənədləri
tanıda bilmək üçün dövlətin bununla bağlı aydın mövqeyini anlamaq lazımdır”.
Zaxarova vurğulayıb ki, dövlətin siyasəti ilə bağlı bu cür bəyanatlar Ermənistan
və onun xalqına aiddir. Qeyd edək ki, Nikol Paşinyan son bir ayda artıq üçüncü
dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı
ilə bu və digər şəkildə "Qarabağ Azərbaycandır!" deyib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib
ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş
naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü
tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib:
"Zaxarova deyib ki,
Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir. Bundan da dəqiq
mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır,
daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və
Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir
ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə
olmalarını “diqqətə” alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli”
mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması
fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək,
Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib".