Türkiyənin Rusiyadan imtina etməsi demək olar ki,
mümkünsüzdür
İki ölkə arasında ticarət dövriyyəsinin həcmi yaxın
gələcəkdə 100 milyard dollara qədər arta bilər
Türkiyə
müxalifətinin lideri Kamal Kılıçdaroğlu Rusiyanı növbəti dəfə hədələyib.
Kılıçdaroğlu bildirib ki, prezident seçkilərinin ikinci turunda qalib gələrsə,
Ankara Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Xatırladaq ki, "Millət
İttifaqı"nın namizədi seçkinin ilk turu öncəsi də dəfələrlə Moskva əleyhinə
fikirlər səsləndirib. Hətta Kremli Türkiyədəki seçkilərə müdaxilə etməkdə
suçlayıb. Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya əleyhinə
sanksiyalar tətbiq etmək fikrində olmadığını açıqlayıb. O qeyd edib ki, yenidən
prezident seçiləcəyi təqdirdə ölkə digər dövlətlərə münasibətdə dostluq siyasətini
davam etdirəcək. Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 28-də
keçiriləcək.

Siyasi şərhçi
Rusif Məmmədsoy bildirib ki, ötən il Rusiya-Türkiyə arasında ticarət dövriyyəsinin
həcmi 68 milyard dollar olub və məbləğ artan xətt üzrə inkişaf edir. Mütəxəssislər
hesab edirlər ki, yaxın gələcəkdə rəqəmlər 100 milyard dollara qədər arta bilər:
"Nəzərə alaq ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, həmin şəxsi
ciddi və mürəkkəb sınaq gözləyir. İqtisadi problemləri aradan qaldırmaq zaman
alacaq. Bu nöqteyi-nəzərdən də indiki mərhələdə Rusiyadan imtina etmək o qədər
də sadə olmayacaq. Digər bir məsələ isə Rusiya və Türkiyənin birgə layihəsi
olan "Akkuyu" Atom Elektrik Stansiyası ilə bağlıdır. 20 milyardın üzərində
vəsait xərclənən bu layihə ilə Türkiyə enerji asılılığını böyük mənada həll
etmiş oldu. Uzun illərdən sonra ölkəni elektrik enerjisi ilə təmin etmək üçün
ciddi imkanlar qazandı. Amma və lakin bu AES-ə xərclənən vəsaitin geri
alınmasına da zaman lazımdır. Rusiya bu vəsaiti satdığı elektriklə geri alacaq.
Bunun üçün də Rusiyadan "hə" deyib imtina etmək demək olar ki,
mümkünsüzdür".
Analitikə
görə, başqa bir maraqlı məsələ isə cənab Kılıçdaroğlunun məşhur "Türk
yolu" projesi ilə bağlıdır:
"Kılıçdaroğlu bildirdi ki, məqsədi Çini
bu layihədə iştirakçılardan birinə çevirmək və həmin yolu Qara dənizə qədər
uzatmaqdır. İndiki mərhələdə Qara dəniz üzərindən yüklərin daşınmasına hansısa
sığorta şirkətlərinin təminat verəcəyini düşünmürəm. Çünki Qara dəniz ətrafında
hazırda faktiki dünya müharibəsi gedir. Bundan əvvəl həmin savaşın bitməsi
lazımdır. Digər tərəfdən, Kılıçdaroğlu həm də onu nəzərə almalıdır ki, Çin
Rusiyanın zəifləməsini istəsə də tamamilə məğlub olub sıradan çıxmasını istəmir.
Məhz həmin hadisələrə görə Rusiyaya sanksiyalar tətbiq edilib. Bu səbəbdən
Rusiyadan keçən ənənəvi yollar artıq öz aktuallığını itirir. Bu isə təbii olaraq
Rusiyanın hiddətinə səbəb olur. Ona görə də Rusiya bu layihənin qarşısını almaq
üçün hər şeyi edəcək. Başqa bir məsələ, "Türkakım"la bağlıdır. Bu
boru xətti Rusiyadan başlayaraq Qara dənizin dibi ilə Türkiyəyə uzanan, oradan
isə Avropaya daşınan iki xeyli boru kəməridir. Xətlərinin biri illik 15,75
milyard kubmetr qaz ixrac edir. Türkiyə mənfəətlə yanaşı, həm də tranzit ölkə
olaraq müəyyən imtiyazlar qazanmış oldu. Hər halda Kılıçdaroğlu Zəngəzur dəhlizi
ilə bağlı da danışdı və əlavə etdi ki, bu yolda maneə İran tərəfidir və Türkiyə
Azərbaycanın yanında yer almalıdır".