Azərbaycan haqlı olaraq Ərdoğanın qələbəsini arzulayır - Tarixçi

Çünki bizim üçün türk xalqlarının birliyinin qorunub saxlanması, inkişafı strateji məsələdir

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək seçki ilə bağlı ölkə vətəndaşlarına çağırış edib. Xalqa səslənən Türkiyə lideri “öncə ölkəm, millətim” deyən bütün vətəndaşları bazar günü seçkilərdə aktiv iştiraka səsləyib. Ərdoğan deyib ki, 27 may Türkiyə demokratiyasının ən ağrılı kəsişmə nöqtələrindən biri, 29 May isə İstanbulun fəthi günüdür: “Bu iki günün ortasına təsadüf edən 28 mayı xalq olaraq dərdimizdən dərs aldığımız, qələbələrimizlə fəxr etdiyimiz bir bayrama çevirmək istəyirik. 85 milyon vətəndaşın həyatına töhfə verən xidmətlərimiz və 81 əyalətimizin hər qarışına toxunan işlərimizlə sözümüzün adamı olduğumuzu sübut etdik. Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq. Ölkəmizin çoxəsrlik demokratiya və inkişaf nöqsanlarını 21 ildə birlikdə kompensasiya etdiyimiz kimi, Türkiyə Yüzilini də birlikdə çiyinlərimizdə qaldıraq. 85 milyon olaraq birliyimizin, həmrəyliyimizin və əbədi qardaşlığımızın qayğısına qalaq. İstəyirik ki, mənşəyindən, əqidəsindən, məzhəbindən, maskalanmasından, siyasi seçimindən asılı olmayaraq, xalqımızın hər biri bu mübarək yürüşdə öz yerini tutsun". 
  Türkiyə Prezidenti "Cümhur İttifaqı"na dəstək vermiş Sinan Oğan haqqındakı iddialara da cavab verib. Bildirib ki, Sinan Oğanın onlara qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli deyil: "Sinan bəy "Cümhur İttifaqı"nın parçası kimi fəaliyyətə başlayıb. Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik. Heç bir vəd verməmişəm. Bu, Kılıçdaroğlunun işidir. Sinan bəy terrorla mübarizədə atdığımız addımları da paylaşır. Qaçqınlara gəlincə, təbii ki, Suriyanın şimalında briket evlərlə bağlı planımız var. Qətərin dəstəyi ilə 1 milyon qaçqını ora yerləşdirə biləcəyik". Barəsindəki iddialara Sinan Oğan özü də münasibət bildirib. "TRT Haber"ə verdiyi reportajda deyib ki, ona Azərbaycan Prezidenti İlham Əliyevdən hər hansı ismarıc gəlməyib: “İlham Əliyev mənə zəng etməyib. Əliyevin belə bir addım atacağı ağlımın ucundan da keçməz. Bizim turançı ruhumuzun ənənəsidir. Könül bağı başqadır. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz. Mənim neft quyularımın olduğunu deyirlər. Bizim seçki təşviqatı zamanı avtobusumuzun yanacağı bitmişdi, yanacaqdoldurma məntəqəsinin sahibi yanacağı bizə ödənişsiz verdi. Öz avtobusumuzun yanacağı belə yox idi. Kənara qoyun bu iddiaları...”. Qeyd edək ki, prezident seçkilərinin ikinci turu ilə bağlı Məmləkət Partiyası da qərarını açıqlayıb. Qərar İncənin sədrliyi ilə Mərkəzi İcra Şurası tərəfindən qəbul edilib: “Çəkildiyimiz nöqtədəyik. Açıq dəstək ifadə etməyəcəyik”.

  Türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli Sherg.az-a  bildirib ki, Türkiyədə mayın 28-də keçiriləcək seçkilər çox önəmlidir. Ekspertə görə, seçki ilə bağlı fərqli baxış və fikirlərin olmasını normal qarşılamaq lazımdır: 

"Məsələyə ümumi və xüsusi yanaşma mövcuddur. Prosesə bütöv Azərbaycan, türk dünyasının birliyi, türk xalqlarının münasibətləri prizmasından yanaşsaq, əlbəttə, bizim üçün "Cümhur İttifaqı"nın namizədinin, Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması daha önəmlidir. Biz Türkiyədə seçkiöncəsi yaşananlara, ittifaqlar arasındakı mübarizəyə prinsipial mövqe sərgiləyirik. Türk xalqlarının birliyinin qorunub saxlanması, inkişafı strateji məsələdir. İndiki halda Türkiyənin, eyni zamanda Türk Dövlətləri Təşkilatının daha da güclənməsi zəruridir. Yəni məsələ sadəcə Kılıçdaroğlu, Ərdoğan deyil, türk dünyasının vəhdəti, Azərbaycanın, Türküstanın, Başqırdıstanın, Tatarıstanın, Krımın, türkmənlərin, uyğurların məsələsidir. Sadəcə, maddi-məişət problemlərinə, fərdi hüquqlara köklənsək, o zaman türk-müsəlman xalqlarının gələcəyi olmayacaq. Bizim üçün əsas məqamlar bunlardır. Azərbaycan ictimaiyyəti haqlı olaraq vurğuladığım məqamları önə çəkərək Ərdoğanın qələbəsini arzulayır".