"Türkiyə xarici siyasətində də əvvəlki aktivliyinə qayıdacaq"

Türkiyə Ərdoğanın andiçmə mərasiminə hazırlaşır

Əhəd Məmmədli: "Gələcək seçkilərdə iştirakla bağlı, həmçinin özünə varis planına da artıq start verəcək"

  Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Ərdoğanın iyunun 2-də andiçmə mərasiminin keçirilə biləcəyi deyilib. Həmin gün yeni Nazirlər Kabinetinin də açıqlanacağı bəyan olunub. Prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, andiçmə mərasiminə beynəlxalq liderlər dəvət olunacaq. Lakin andiçmə gününün iyunun 6-da ola biləcəyi də bildirilib.

 Ərdoğan deyib ki, qalib olan sadəcə "Cümhur İttifaqı" deyil, Türkiyədir, 85 milyon türk xalqıdır. Onun sözlərinə görə, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır: “İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik. Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür. 21 ildir ölkəmizə gətirdiyimiz işlərlə, millətimizə göstərdiyimiz xidmətlərlə Türkiyənin əsrin müjdəsini verən gündür. Bunu sizinlə etdik. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamısı təbriklərini çatdırdılar və görürük ki, sabah da bu təbriklər davam edəcək. Aylardır bizə qarşı qurulan ittifaqları görmüsünüz. Kimin kiminlə olduğunu, terror təşkilatlarına qarşı dayandığımızı gördünüz”. Müxalifət düşərgəsi isə seçkiləri "son illərin ən ədalətsiz seçkisi" adlandırıb. 
  
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, o, prezident seçkisinin ilk turda bitəcəyini gözləyirdi, buna baxmayaraq, seçki ikinci tura qaldı və "Cümhur İttifaqı"nın namizədi R.T.Ərdoğan 52 faiz səslə qalib gəldi: "Seçkilərdə mənim üçün təəccüblü olan bir məqam var idi. Ən azından parlament seçkisində "Millət İttifaqı"nın qazanma, üstünlüyü alma təhlükəsini görürdüm. Ancaq bunun əksini gördük və "Cümhur İttifaqı" parlament seçkisini rahatlıqla qazandı. Müxalifət strateji səhvə yol verdi və bütün gücü prezident seçkisinə verdilər. Halbuki müxalif düşərgə əsas mübarizəsini parlament seçkisi müstəvisində aparmalı idi. Parlament üsul-idarəsindən danışan "Millət İttifaqı" millət vəkilləri seçkisinə daha ciddi hazırlaşmalı idi. Parlament seçkisində uduzduqlarına görə, prezident seçkisinin ikinci turunda iştirakları da formal xarakter daşıdı. Müxalifətin tərəfdarları pessimizmə uğradı. Durmadan tirajlanan yalan informasiyaların zərərini gördülər. CHP-nin ən böyük səhvlərindən biri kiçik partiyalara yer vermək, onlara qarşılıqsız mandat qazandırmaq oldu. Əgər parlamentdə 10-15 kreslo qazanmış DEVA, Gələcək və Səadət partiyaları "Cümhur İittifaqı" ilə əməkdaşlığa gedərsə, uğursuz ittifaqın nəticələrini CHP daxilində Kılıçdaroğluna xatırladacaqlar".
  Ə.Məmmədli vurğulayıb ki, Ərdoğan iqtisadi baxımdan ölkədəki vəziyyəti düzəltmək, maliyyə problemlərini aradan qaldırmaq üçün addımların atılmasına başlayacaq: "Tez zamanda yeni kabinet formalaşacaq. Gələcək seçkilərdə iştirakla bağlı, həmçinin özünə varis planına da artıq start verəcək. Türkiyə xarici siyasətində də əvvəlki aktivliyinə qayıdacaq. Daxildə, eyni zamanda Suriya və İraqda terrorçulara növbəti mübarizə başlayacaq. AKP üçün hədəflərdən biri də gələn il keçiriləcək bələdiyyə seçkiləridir. Ankara, İstanbul kimi şəhərlərdə bələdiyyəni almaq çox önəmlidir".