Heydər Əliyev siyasəti: Gələcəyə köklənən strateji addım

Ulu Öndər xalqımızın qəlbində daim yaşayacaq
Heydər Əliyev siyasəti Azərbaycanın müstəqilliyinə və inkişafına əbədiyyən xidmət edəcək
  15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və öz dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarla qarşı-qarşıya qaldığı bir vaxtda xalqın təkidi və istəyi ilə iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Böyük risklərə baxmayaraq, bütün məsuliyyəti öz üzərinə götürərək xalqın müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirdi. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqının öz liderinə sonsuz etimadı və dəstəyi olub. Ulu Öndər məhz bu sevgiyə, dəstəyə arxalanaraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll edib. 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ümummilli Liderin yorulmaz fəaliyyətləri nəticəsində Azərbaycanın dünyada nüfuzu və mövqeyi güclənib, ölkəmiz beynəlxalq təşkilatlarda böyük uğurlar əldə edib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə yeni müstəvidə davam etdirilir.

 Prezident İlham Əliyev xalqımızın milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Ulu öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir.


  Milli Məclisin deputatı Azay Quliyev deyib ki, müstəqilliyimizin ilk illərində rəhbərliyin yarıtmaz siyasəti və hakimiyyət hərisliyi nəticəsində ölkə çox ağır iqtisadi, siyasi və mənəvi böhrana sürüklənmiş, dövlət idarəetmə aparatı iflic vəziyyətinə düşmüş, ölkəni xaos, hərc-mərcilik və anarxiya bürümüşdü. Onun sözlərinə görə, bu dövrdə dövlət quruculuğu istiqamətində heç bir real addım atılmamışdı: "Nizami ordu qurmaq əvəzinə ayrı-ayrı şəxslərə və siyasi partiyalara xidmət edən silahlı dəstələr yaradılmışdı. Hakimiyyət uğrunda gedən mübarizəyə cəlb edilmişdi. Nəticədə, Xocalı, Şuşa, Laçın və Kəlbəcər kimi strateji əhəmiyyətli rayonlar Ermənistan tərəfindən işğal olunmuş və yeni ərazi itkiləri üçün real zəmin hazırlanmışdı. 1993-cü ilin birinci yarısında isə vəziyyət daha acınacaqlı həddə çatmış, ölkədəki hökumət böhranı dövlət böhranına çevrilmiş, milli maraqlar gözardı edilmiş və Azərbaycanın müstəqil dövlət kimi varlığı sual altına düşmüşdü. Ağır vəziyyətə düşmüş xalq yeganə çıxış yolu kimi böyük dövlət adamı və nəhəng siyasət ustadı Heydər Əliyevə üz tutdu və onu köməyə çağırdı. Xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini və müstəqilliyini məhv olmaqdan qurtarmaq, ölkəni düşdüyü dərin böhrandan çıxartmaq, ictimai-siyasi sabitliyi bərpa etmək, vətəndaşların dövlətinə olan inam və etimadını yenidən özünə qaytarmaq kimi çox çətin, riskli və eyni zamanda şərəfli bir xilaskarlıq missiyanı üzərinə götürməli oldu. Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, sarsılmaz iradəsi və cəsarətli addımları ilə ölkədə başlanmış qardaş qırğınının, vətəndaş müharibəsinin və ölkənin bir neçə yerə parçalanmasının qarşısını qısa müddətdə aldı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında hakimiyyəti silah gücünə devirərək ölkəmizin müstəqilliyinə son qoymaq cəhdlərini qətiyyətlə dəf etdi. Heydər Əliyevin dühası sayəsində xalqımız dövlət müstəqilliyini qorudu, bir əsrdə ikinci dəfə dövlətini dağılmaq təhlükəsindən xilas etdi və milli qurtuluşa nail oldu. Ölkədə ictimai-siyasi sabitliyi, qayda-qanunu bərqərar etdikdən sonra Heydər Əliyevin qarşısında müstəqilliyimizi əbədi və dönməz etmək, müasir dünyada Azərbaycanın layiqli yerini müəyyən etmək, mövcud çağırışlara hazır olan savadlı və vətənpərvər nəsil yetişdirmək, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü güclü, demokratik və hüquqi dövlət qurmaq kimi daha bir çətin və tarixi vəzifə vardı. Bu vəzifənin də öhdəsindən layiqincə gəlməyi bacaran Ulu Öndər Azərbaycanın tərəqqi və dirçəliş dövrünü başlatdı. Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, Ulu Öndər vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan qurtaran və ərazi bütövlüyümüzü bərpa edən cənab İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik Liderin və Müzəffər Ali Baş Komandanın yetişdirməsi idi. Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqilliyinə və inkişafına əbədiyyən xidmət edəcək".