Qərbə MESAJ: İran Rusiyanı təqdir etdi

İran Rusiyanın Qafanda Baş konsulluq açmaq qərarını alqışlayır
“İran təmsilçisinin bəri başdan sevincə qapılması, rus konsulluğunun yaradılmasını bayram etməsi əbəsdir. Çünki hər iki kommunikasiya bir-birinə bağlı məsələdir"
  Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə reallaşdırma istəyinə İranın ərazidəki konsulu reaksiya verib. İranın Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına açıqlamasında bundan “şad olduqlarını” ifadə edib. Onun sözlərinə görə, bu, Zəngəzur bölgəsində sabitlik və təhlükəsizliyə töhfə verəcək: “Şadam ki, burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nümayəndəliyinin və ya siyasi nümayəndəliyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək”.
  Xatırladaq ki, Rusiya Zəngəzur vilayətinin Qafan şəhərində konsulluq açmağı planlaşdırır. Məlumata görə, konsulluqla bağlı yekun razılıq Ermənistan və Rusiya liderlərinin mayın 25-də keçirilən ikitərəfli görüşündə əldə olunub. Rusiyanın Qafanda konsulluğunun açılışına hazırlıq getsə də, hələlik dəqiq tarix məlum deyil. İranın Qafandakı Baş Konsulluğu isə 2022-ci il oktyabrın 21-də açılıb. İran diplomatının Rusiya konsulluğu barədə açıqlamasının Türkiyə lideri R.T.Ərdoğanın Bakıya səfərindən və Şuşada konsulluqdan söz açmasından sonraya təsadüf etməsi diqqət çəkir.
  Politoloq Natiq Miri "Sherg az"a açıqlamasında vurğulayıb ki, İranın Qafandakı Baş konsulunun Rusiyanın qərarını alqışlaması hər iki ölkənin maraqlarını ifadə edir. Analitik bəyan edib ki, nə İran, nə də Rusiya regiona üçüncü ölkənin girməsini istəyir: "İran rəsmisi Rusiyanın Qafanda konsulluq açma qərarını təqdir edir və düşünür ki, iki dövlətin orada diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi sözügedən bölgənin Tehran və Moskvanın təsir dairəsində, nəzarətində olması deməkdir. Qərb dünyasına qarşı birgə mübarizə aparılacağının mesajıdır. Türkiyə Prezidenti R.T.Ərdoğan Bakıda olarkən vurğuladı ki, "İran Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir". Buna rəğmən, Zəngəzur dəhlizinin açılacağı prezidentlər səviyyəsində bəyan olundu. İran diplomatının bəyanatını həm də, Zəngəzur dəhlizi ilə bağlı açıqlamaya mesaj kimi dəyərləndirmək olar. Lakin hər şey iranlı diplomatın düşündüyü, zənn etdiy kimi bəsit deyil. Zəngəzur dəhlizi yeni kommunikasiya sistemi kimi Qərb və Şərq üçün daha cəlbedicidir. İran isə öz maraqları naminə Şimal-Cənub dəhlizinin reallaşmasını istəyir. Ancaq Tehran unutmamalıdır ki, Şimal-Cənub nəqliyyat dəhlizində birləşdirici körpü rolunu oynayacaq dövlət də Azərbaycandır. Rəsmi Bakının razılığı olmadan Şimal-Cənub dəhlizi işləməyəcək. O baxımdan İran təmsilçisinin bəri başdan sevincə qapılması, rus konsulluğunun yaradılmasını bayram etməsi əbəsdir. Çünki hər iki kommunikasiya bir-birinə bağlı məsələdir".