Prezidentin humanist addımı: Ermənistan DƏYƏRLƏNDİRMİR

Ancaq Ermənistanla quru sərhədimiz açıqdır
Deputat bildirib ki, İrəvan bunu qiymətləndirə bilmir
  "İran, Gürcüstan, Rusiya ilə quru sərhədlərimiz bağlı, amma Ermənistanla quru sərhədimiz açıqdır. Bu, Prezidentin böyük humanist addımıdır". Bunu Milli Məclisin dünənki iclasında deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, Ermənistan bunu qiymətləndirə bilmir: “Xüsusən onun havadarları, İran bölgəni qarışdırmaq istəyir. Bu gün Azərbaycan Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə icazə verir, Ermənistan bunu anlamır. Bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal məhv edilməlidir. Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik. Bu gün beynəlxalq təşkilatlar Laçın sərhəd-buraxılış məntəqəsində baş verənlərə münasibət bildirməli, Ermənistana yerini göstərməlidir. Sərhəddə baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üstünə düşür”.
  Deputat Tural Gəncəliyev isə qeyd edib ki, Ermənistan sülhün əldə edilməsində hələ də maraqlı deyil: “Ermənistan qonşuların ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır. Ermənistanın mili atributlarında da qonşu dövlətlərə ərazi iddiaları mövcuddur. Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub. Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Bu yaxınlarda beynəlxalq tədbirlərin birində biz Ermənistan tərəfi ilə müzakirələr zamanı onların destruktiv fəaliyyətini ifşa etdik. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu, xəstə təfəkkürün nəticəsidir. Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. Son hadisələr, Azərbaycan hərbçisinə, Rusiya sülhməramlılarına atəş açılması qəbuledilməzdir”.