Türkiyə ilə Rusiyanı müqayisə etmək absurddur

Kılıçdaroğlunun SADAT-la bağlı dedikləri inandırıcı deyil
  Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu “Vaqner” Özəl Hərbi Şirkəti ilə Türkiyənin “SADAT” birləşmələrini müqayisə edib. Bu barədə Kılıçdaroğlu sosial media hesabında paylaşım edib.
  Onun fikrincə, SADAT Türkiyəni məhv etmək, dilini, bayrağını, konstitusiyasını dəyişmək istəyir: “Dəfələrlə hökumətə SADAT məsələsinə görə xəbərdarlıq etdim. Qapılarına da getdim. Türkiyə cümhuriyyətini yıxmaq, dilini, bayrağını, konstitusiyasını dəyişmək istədiklərini dedim”.
  Kılıçdaroğlu Türkiyə hökumətinin Rusiyada baş verən hadisələrdən dərs çıxarmalı olduğunu vurğulayıb: “Ümid edirəm ki, Rusiyada baş verənlər dərs olar. Rusiyanın “Vaqner”i Türkiyənin SADAT-ıdır. Buradan bir daha bəyan edirəm ki, xalq düşməni olan heç bir yarımhərbi quruluşa imkan verməyəcəyik”.
  SADAT prezidenti Melih Tanrıverdi “Rusiyanın Vaqneri Türkiyənin SADATıdır” deyən CHP sədri Kamal Kılıçdaroğluna cavab verib.
Vaqnerlə SADAT-ı müqayisə etməyi “paranoya” kimi dəyərləndirən Melih Tanrıverdi Kılıçdaroğluna qarşı yeni iddia qaldıracağını bildirib: “Bütün məharəti kafelərdə boşboğazlıq edənlər kimi tviter aludəçiləri arasında da paranoyak adamlar çıxır. Amma bunlar kiçik bir fraksiya, deyəcəkdim ki, Kamal Kılıçdaroğlu özünü ortaya saldı. Məhkum olduğu təzminatı ödəmədiyi üçün ona qarşı yenidən təzminat tələbi qaldıracam”.
  Politoloq Elxan Şahinoğlu isə "Sherg.az”a qəzetinə açıqlamasında K.Kılıçdaroğlunun müqayisəsinin absurd olduğunu deyib. Onun sözlərinə Kılıçdaroğlunun fikirlərinin siyasi proseslərə heç bir təsiri yoxdur: “Ümumiyyətlə, Kamal Kılıçdaroğlunun mövzusu SADAT yox, seçkilərdəki məğlubiyyəti olmalıdır. Bu gün Türkiyə cəmiyyəti üçün maraqlı olan CHP liderinin özəl hərbi təşkilatlara qarşı əsassız ittihamları yox, “Altılı masa”ya rəğmən seçkiləri niyə uduzmasıdır. Seçki kampaniyası zamanı da Kılıçdaroğlu Rusiyanı Türkiyədəki seçki prosesinə müdaxilə ilə ittiham etmişdi. Amma heç bir əsas gətirə bilmədi. İndi də iddia edir ki, SADAT da ölkədə hərbi çevrilişə cəhd edəcək. Heç kim dövlətlər üçün muzdlu qruplaşmaların riskini inkar etmir. Hətta Türkiyədə bir neçə dəfə hərbi çevrilişlər olub, PKK terror təşkilatı da çevrilişə cəhd edib. İndi də bütün dövlətlər kimi Türkiyə də hərbi çevriliş riskdən sığortalanmayıb. Amma sırf Ərdoğanın ölkədəki mövqelərini zəiflətmək üçün Rusiyadakı proseslərdən istifadə edən Kılıçdaroğlunun SADAT-la bağlı dedikləri inandırıcı deyil. Mövcud situasiyada SADAT-la Vaqnerin müqayisəsi əsassızdır”.