Türkiyə  NATO-nun genişlənməsinə  razılıq verib  - ŞƏRH

İsveç və Qərb Ankaranın tələblərini yerinə yetirmək məcburiyyətində qalıb

Tendensiya Türkiyənin haqlı və ədalətli tələblərinin yerinə yetirilməsi istiqamətində inkişaf edir


  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə hərbi alyansın genişlənməsinə dair razılıq əldə olunub. 6 bənddən ibarət olan razılaşma sənədinə əsasən, tərəflər təmasları həm NATO daxilində, həm də hər iki ölkə nazirlərinin iştirakı ilə davam etdirəcəklər. Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzunmüddətli prosesdir. İlk iclasda İsveç terrorla necə mübarizə aparacağına dair planı Türkiyəyə təqdim etməlidir. Razılığa görə, həmçinin Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək. Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək. Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib və apreldə NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Hazırda Türkiyə və Macarıstan İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməyiblər. Türkiyə mətbuatı yazır ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik orqanı bu həftə yay tətilinə getdiyi üçün sənəd çox güman ki, payız sessiyasında təsdiqlənəcək. Onu da əlavə edək ki, Ərdoğan İsveçin NATO-ya üzvlük istəyi ilə bağlı Türkiyənin Avropa Birliyinə daxil olması məsələsini də gündəmə gətirib və paralellik aparıb. Ərdoğan Türkiyənin 50 ildir Aİ-nin qapısında gözlədildiyinə diqqət çəkib və bu yolun açılmasını da tələb edib. Hərbi alyansın baş katibi Yens Stoltenberq Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyib. Lakin eyni zamanda Madrid razılaşmalarını da xatırladıb: "Mən Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyirəm, lakin eyni zamanda Madriddə nəyi razılaşdırdığımızı xatırlamaq vacibdir. Bu, İsveçin alyansa üzv olmaq üçün yerinə yetirməli olduğu şərtlərin konkret siyahısında yoxdur". Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir. Lakin Ankara ilə Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar çoxdan dalana dirənib. Qərb mediası Türkiyənin namizədliyi ilə bağlı Aİ ölkələri arasında birliyin olmadığını qeyd edir. 

  Siyasi şərhçi Füzuli Məhəmməd "Sherg.az"a açıqlamasında bildirib ki, İsveç Türkiyəyə qarşı terror fəaliyyətini ya məhdudlaşdıracaq, ya da ümumiyyətlə, terrorçulara imkan verməyəcək. Analitik düşünür ki, Türkiyənin ədalətli tələbləri və təzyiqləri öz nəticəsini verməkdədir: 

"Avropa ölkələri anlayırlar ki, Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləməsələr, bir çox problemlərlə üzləşəcəklər. O baxımdan görünən odur ki, İsveç və Qərb Ankaranın tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. Ancaq İsveçin NATO-ya üzv olması ilə Türkiyənin Avropa İttifaqına girməsi məsələsində əlaqə yoxdur. Türkiyənin Aİ-yə üzvlüyü çox böyük geosiyasi məsələdir. Sadəcə, İsveç və Finlandiyanın hərbi alyansın üzvü olmasına "hə" deyən Türkiyəni Aİ-yə daxil etməzlər. Yaxın perspektivdə Türkiyənin Avropa İttifaqına üzvlük ehtimalı demək olar ki yoxdur. Lakin Türkiyə bu məsələni gündəmə gətirməklə nümayiş etdirir ki, Ankara Avropaya münasibətdə səmimidir. Yəni bir növ diqqətə çatdırır ki, əgər Avropa ölkələri də səmimi davransalar, ədalətli olsalar Türkiyə Aİ-yə girə bilər. Türkiyənin Aİ-yə girməsi Avropanın liderlərindən biri, bəlkə də birincisi olması deməkdir. Avropada NATO-da ikinci yerdə qərarlaşan Türkiyə ordusuna bərabər ordu yoxdur. Ölkə iqtisadiyyatı da inkişaf etməkdədir və bir müsəlman dövləti kimi müstəqil siyasət yürüdür. Bu da Avropadakı bəzi xəstə təxəyyüllü siyasətçiləri qorxudur. Əslində Türkiyənin də Aİ-yə can atdığına inanmıram".

  F.Məhəmmədin qənaətincə, proseslərin gedişatı göstərir ki, Türkiyənin terrora qarşı mübarizəsi elə səviyyəyə çatıb ki, qardaş ölkə ilə ikili oynamağın mənası qalmayıb:

 "Türkiyə öz daxilində faktiki olaraq terroru məhv edib, terrorçu strukturları dağıdıb, dəstəkçiləri neytrallaşdırıb. Suriya və İraqda terrora qarşı hərbi əməliyyatlar aparılır. Bununla yanaşı, Avropa istiqamətində də Türkiyənin terrora qarşı mübarizəsi ortadadır. Qərb ölkələri də dərk edirlər ki, terrora qarşı önləmlər alınmazsa, hamısı bundan zərər görəcək. Bu hallar strateji olaraq Türkiyənin arxasınca iş görmək meyillərini azaltmaqdadır. O cümlədən İsveç və Finlandiya kimi ölkələr də beynəlxalq hüquqa uyğun olmayan radikal qruplaşmaların fəaliyyətini mədhudlaşdırmağa məhkumdur. Yəqin ki, bu da dərhal baş verməyəcək. Amma tendensiya Türkiyənin haqlı və ədalətli tələblərinin yerinə yetirilməsi istiqamətində inkişaf edir".