Ermənistan tərəfi sülhə tələsir  - Gözlənilən Əliyev və Paşinyan görüşü

Əliyevlə Paşinyanın görüşü daha tez baş tuta bilər

Erməni Baş nazir cəsarətini artırsa, sülhə nail olmaq mümkündür


  Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü 21 iyuldan daha tez baş tuta bilər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Qriqoryan Ermənistanın tezliklə sülh müqaviləsini imzalamaqda maraqlı olduğunu deyib. Lakin Təhlükəsizlik Şurasının katibi aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını söyləyib, lakin əmin edib ki, İrəvan sülh gündəmi məsələsində qərarlıdır. Onun fikrincə, regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq. Nikol Paşinyan da Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşəcəyini təsdiqləyib. Bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən sonuncu görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmayıb, lakin müəyyən irəliləyiş var: "Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Qarşıdakı görüş zamanı ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər reallaşacaq”. Xatırladaq ki, Şarl Mişel növbəti görüşün iyulun 21-də Brüsseldə baş tutacağını açıqlamışdı. ABŞ Dövlət katibi Entoni Blinken də bildirib ki, birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur. O deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməyə sadiqdir. İrəvandan gələn sülh açıqlamaları ilə yanaşı, Ermənistanın davamlı təxribatları da gündəmdədir. Son günlər həm şərti sərhədlərdə, həm də Qarabağda erməni təxribatları, atəşkəsin pozulması halları intensiv hal alıb. Yəni Ermənistan rəhbərliyi bir yandan sülhdən danışır, digər yandan isə təxribatlara əl atır. 

  Politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, Ermənistan o səviyyəyə gəlib çatmayıb ki, Azərbaycansayağı addımlar atsın, rəsmi Bakı kimi konkret davransın. Analitikin sözlərinə görə, ola bilsin, Ermənistan Baş naziri Nikol Paşinyan öz aləmində çox çalışır, hətta ürəyində istəyir ki, danışıqlar nəticə versin və sülh əldə olunsun: "Ancaq Paşinyanın əl-qolundan dartanlar, ona mane olanlar var. Baş nazirə sülh danışıqlarından mane olan güclər - erməni lobbisi, diasporası və erməni kilsəsidir. Bu yaxınlarda N.Paşinyanın ermənilərin dini rəhbəri II Qareginlə sərt söz davası oldu, tərəflər bir-birini təhqir etdilər. Məsələ ondadır ki, Nikol Paşinyan erməni diasporasına, erməni kilsəsinə rədd cavabı verə bilmir. Çünki məhz onların xətti ilə İrəvana ianələr, maddi yardımlar gəlir. Təbliğat işində bu iki institutun danılmaz rolu var. Digər səbəb baş nazirin özünün qətiyyətsizliyidir. Onun ətrafındakı şəxslərin hərəsi bir qütbə işləyir. Təxribatların arxasında duran qüvvələr arasında Koçaryan-Sarkisyan cütlüyünün nümayəndələridir. Onlar erməni ordusunda da, güc strukturlarında da mövcuddur. Çalışırlar ki, regionda vəziyyəti daim gərgin müstəvidə saxlasınlar. Gərginlik onlara əlavə vaxt udmaq, dirənmək üçün imkan yaradır". 
  T.Abbasovun qənaətincə, N.Paşinyanın ən cəsarətli addımı Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı açıqlama idi: "Baş nazir qıcıq doğurmadan öz cəsarətini artırmağa nail olarsa, müəyyən mənada istəklərini reallaşdıra bilər. Lakin yenə də proseslərin hansı sonluqla nəticələnəcəyini demək qeyri-mümkündür. Çünki Ermənistanda terror ənənəsi çox güclüdür və dərin kök salıb. Paşinyan həm terrordan, həm də dövlət çevrilişindən qorxur. Ehtiyat edir ki, Ermənistanın bağlı olduğu qütblərdən hər hansı biri onu hakimiyyətdən uzaqlaşdıra bilər".