Ankara Kremlin nazı ilə çox oynamayacaq

Ərdoğan seçkilərdən sonra daha müstəqil siyasət yürüdür və Qərblə həmrəylik tellərini gücləndirir


  Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfərindən və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Halbuki Moskva ilə Ankara arasındakı sövdələşməyə əsasən, "Azov" komandirləri Türkiyədə qalmalı, Ukraynaya geri dönməməliydi. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib. Peskov deyib ki, Moskva “Azov” komandirlərinin Ukraynaya qaytarılması ilə bağlı mövqeyini Ankaraya çatdıracaq və bu, üzbəüz olacaq. O bildirib ki, Türkiyə razılaşmaları pozub: “Rusiya “Azov”un rəhbərlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdə müqavilələrdə nəzərə alacaq. Rusiya mövqeyini Türkiyəyə çatdırmaq üçün müxtəlif yüksəksəviyyəli kanallardan istifadə edəcək”.   Peskovun sözlərinə görə, amma bu məsələ qaz qovşağı layihəsinə təsir etməyəcək: “Türkiyənin Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün hüququ var. Lakin Rusiya bunun Moskvaya qarşı yönəlməyəcəyinə ümid edir”. Kremlin sözçüsü deyib ki, V.Putinin Türkiyəyə səfər tarixi hələlik məlum deyil: “Telefon danışığı da gündəlikdə yoxdur. Amma liderlər bunu sürətli şəkildə koordinasiya edə bilərlər. Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir”. 
 Politoloq Qabil Hüseynli "Sherg.az"a açıqlamasında deyib ki, bəzilərinin iddia etdiyi kimi Türkiyə liderinin bu addımı Moskva ilə əvvəlcədən razılaşdırılmayıb. Analitik vurğulayıb ki, Türkiyə müstəqil siyasət yürüdən güclü dövlətdir və aldığı qərarlara görə kiməsə hesabat vermək məcburiyyətində deyil: "Əlbəttə, Ankaranın Ukrayna ilə bağlı həyata keçirdiyi siyasət, atdığı bəzi addımlar Rusiyanı hiddətləndirə, narazı sala bilər. Ancaq bu, Türkiyəni narahat etmir. Ərdoğan seçkilərdən sonra daha müstəqil siyasət yürüdür və Qərblə həmrəylik tellərini gücləndirir. Lakin bununla yanaşı, əvvəlki kimi olmasa da, Rusiya ilə münasibətlərə də əhəmiyyət verir. Ərdoğan bu qərarı ilə həm də balanslaşdırılmış siyasət yürütdüyünü, Kremlin nazı ilə oynamadığını göstərir. Rusiyanın əsas incikliyi "Azov" komandirlərinin Ukraynaya geri dönməsinə icazə verilməsidir. Ərdoğan humanizm prinsiplərini rəhbər tutaraq bu addımı atıb. Nəzərə alaq ki, hazırda Rusiya Türkiyədən çox asılıdır. Elə Moskva özü də Ankara ilə münasibətlərin korlanmaması üçün kifayət qədər ehtiyatlı davranır. Rusiya Prezidenti V.Putinin avqust ayında Türkiyəyə səfəri planlaşdırılır. Bu da göstərir ki, iki ölkə arasında ciddi gərginlik yoxdur. Rusiya əvvəlki dövrlərdə olduğu kimi kiçik problemlər ətrafında hay-küy qaldıracaq səviyyədə deyil".