Paşinyan realistdir  - "Qərb-Rusiya qarşıdurmasının nəticəsini gözləyir"

İrəvan anlayır ki, Türkiyə ilə əlaqələrin bərpasının yolu Bakıdan keçir

“Əvvəlki dönəmdə Cənubi Qafqazda əsas oyunçu Rusiya idisə, təkcə Moskvanın maraqları təmin olunurdusa, artıq bunun əksini görürük. Əvəzində Qərbin və Türkiyənin aktiv rolunu müşahidə edirik”


  Ermənistanın “Hraparak” nəşri Azərbaycanla aparılan sülh danışıqlardan və prosesin hansı mərhələdə olmasından yazıb. Nəşrin məqaləsində maraqlı məqamlar da əksini tapıb. Məsələn, qəzet vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclaslarında Azərbaycana qarşı cəsarətli mətnlər səsləndirsə də, hökumət nümayəndələri onun tapşırığı ilə qapalı görüşlərdə reallıqlardan danışırlar: "Müqavimət təkcə faydasız deyil, həm də təsirsizdir. Azərbaycan istədiyini alacaq, Ermənistan isə müqavimət göstərərsə, itkiləri olacaq". Nəşr qeyd edir ki, iki gün öncə hökumət nümayəndələri ekspertlərlə qapalı görüş keçirib. Vitse-spiker, Ermənistan-Türkiyə münasibətləri üzrə nümayəndə Ruben Rubinyan Ankara ilə danışıqlardan bəhs edib. O bildirib ki, Türkiyə Ermənistana Azərbaycanla münasibətləri tənzimləmək üçün bir ay vaxt verib, söhbət normallaşmadan gedir. Türkiyə ilə də münasibətlərin normallaşması bundan asılıdır. Ermənistan bu müddətdə Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirə bilməsə, o zaman Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi unudula, arxivə göndərilə bilər: "Türkiyədən gələn ultimatumun bir mənası var: - Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün sizə bir ay vaxt veririk, bunu etməsəniz, Ankara ilə danışmaq şansınız olmayacaq, biz hərəkətə keçəcəyik. Türkiyə hökuməti açıq şəkildə bildirdi ki, Ermənistan hökumətinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini ayırmaq, Ankaranı sivil və konstruktiv, Bakını isə təcavüzkar və barışmaz göstərmək kimi pritimiv cəhdləri mənasızdır. Türkiyənin Azərbaycanla quru əlaqəsinə ehtiyacı var, Zəngəzur dəhlizinin əsl sahibi Ankaradır. Türkiyə açıq şəkildə bildirdi ki, istədiklərini almayana qədər Ermənistanla münasibətlər nizamlanmayacaq, sərhəd açılmayacaq”. Nəşr qeyd edib ki, Qarabağdakı ermənilər üçün də eyni seçimdən bəhs olunur. Ya Bakının şərtləri ilə razılaşıb Azərbaycanın dövlət strukturlarına və ictimai institutlarına inteqrasiya edirlər, ya da imtina edərək, Qarabağı tərk etmək məcburiyyətində qalırlar. 
Politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, beynəlxalq proseslərin sürətli gedişi Cənubi Qafqaza da öz ciddi təsirini göstərməkdədir. Analitik vurğulayıb ki, xüsusən Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaranmış vəziyyət və Qərbin regiona aktiv müdaxiləsi yeni reallıqlar yaradıb: "Bu reallıqların yaranmasında sözsüz ki, Türkiyə-Azərbaycan müttəfiqliyi və 44 günlük müharibənin qələbə ilə başa çatması xüsusi rol oynadı. Əvvəlki dönəmdə Cənubi Qafqazda əsas oyunçu Rusiya idisə, təkcə Moskvanın maraqları təmin olunurdusa, artıq bunun əksini görürük. Əvəzində Qərbin və Türkiyənin aktiv rolunu müşahidə edirik. Odur ki, Ermənistan nə qədər müqavimət göstərməyə cəhd etsə də, əvvəl-axır Cənubi Qafqazda möhkəmlənən Türkiyənin təsirindən çıxa bilməz. Bu həm də, İrəvan üçün faydalıdır. İrəvan çökməkdə olan, ağır böhran yaşayan, aqressiv siyasət yürüdən Rusiyanın əvəzində NATO ölkəsi olan və getdikcə güclənən Türkiyə kimi bir dövlətlə geniş əməkdaşlıq imkanları qazanır. Bu imkan İrəvanın həm də Qərbə birbaşa çıxışına qapı açılır".
  Ekspertin sözlərinə görə, rəsmi İrəvan anlayır ki, Türkiyə ilə əlaqələrin bərpasının yolu Bakıdan keçir: "Əslində Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılması özünə də xeyli dividend gətirir. Bakı vasitəsilə iqtisadi, siyasi, ticari, nəqliyyat kommunikasiyaları və s. sahələrdə yeni imkanlar qazanmış olur. Ermənistanın işğalı nəticəsində zərər təkcə Azərbaycana dəyməyib. Ermənistan özünü təcrid etməklə Rusiyanın forpostuna çevrilib. İndiki ağır durumdan çıxması üçün böyük potensiala sahib müttəfiqlərə və əlaqələrə ehtiyac var. Bunlarsız Ermənistanın böhrandan çıxması mümkün deyil. Belə potensial isə Türkiyə və Azərbaycandadır. Məsələnin mahiyyəti və çətinliyi ondadır ki, Ermənistan Rusiyanın köləliyindən uzun müddət çıxa bilməyəcək. Moskva da buna imkan verməyəcək. Digər tərəfdən, erməni diasporu münasibətlərin normallaşmasına ciddi maneədir. Diasporun erməni cəmiyyətinə, ictimai şüuruna təsiri böyükdür. Hələ maliyyə asılılığını demirəm. Üstəlik, ermənilərə uşaqlıqdan aşılanan türkə nifrət psixoloji-mənəvi baryerlər yaradır".
  Ə.Oruclu əlavə edib ki, Nikol Paşinyan da bütün bunları bilir: "Azərbaycan və Türkiyə ilə danışıqlarda yumşaq və rassionallıq göstərməyə məcbur olur. Lakin publika önündə tamam fərqli mühit yaradır. Anlayır ki, prosesin tempini artırsa, hakimiyyəti linçləmə təhlükəsi ilə üz-üzə qalar. İddia etmirəm ki, Paşinyan realistdir və rassional düşünür, sadəcə buna məcburdur. Görünən odur ki, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına maksimum az "itki" ilə nail olmağa çalışır. Digər tərəfdən, vaxt qazanmaqla Qərb-Rusiya qarşıdurmasının nəticəsini gözləyir. Proseslərin axını və xarakterini bundan sonra aydın görə biləcəyik".