Rusiya prosesləri qızışdırır  - GƏRGİNLİK

Lentsovun ifadələri separatçılara mesajdır

  Separatçıların “anti-böhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri, general Aleksandr Lentsovla görüşüb. Gərgin keçən görüşdə Lentsov Laçın dəhlizindəki vəziyyətə görə rus sülhməramlılardan daha çox, Ermənistan Baş naziri Nikol Paşinyanın məsuliyyət daşıdığını bildirib. İddia edib ki, guya, Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərindən sonra Laçın yolu bağlanıb. Lentsov həmçinin siyasi qərarlar qəbul etmək hüququ olmadığını, yalnız əmrləri icra etdiklərini bildirib və “ictimai fəalları” yola salıb. Daha sonra “deputatları” da Lentsovla görüşüb və onlara da eyni sözlər deyilib və heç bir kömək edə bilməyəcəkləri bildirilib.

Politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında Rusiya sülhməramlı kontingentinin rəhbəri Lentsovun ifadələrinə diqqət yönəldib. Ekspertin sözlərinə görə, Rusiya prosesləri yenidən qızışdırmağa, təxribatları artırmağa, gərgin vəziyyət yaratmağa çalışır: "Rusiya tərəfi açıq şəkildə Qarabağ ermənilərini sabotaja çəkir. Lentsov deyir ki, "Nikol Paşinyanın Qarabağ Azərbaycandır" sözlərindən sonra ermənilər üçün arzuolunmaz hallar başlayıb. Bütün problemləri Paşinyanın üzərinə atırlar və iddia edirlər ki, əgər baş nazir həmin ifadələri deməsəydi, Moskva Laçın yolunun bağlanmasına "icazə verməzdi". Bu, separatçılıq meyillərinin artmasıdır. Həmçinin çağırış edilir ki, separatçılar bundan sonra baş verəcək yumşalmaya imkan verməsinlər. Yəni vurğulayırlar ki, ermənilərə güzəştə getdikcə və Azərbaycanın şərtlərini qəbul etdikcə, Moskvanın hərəkət imkanları, əl-qolu bağlanır".