Türkiyə NATO dövlətlərindən dəstək istəyir  - Ekspert

Ən yaxşı imkan yaranıb


  “Türkiyə Aİ ilə danışıqları yenidən başlamaq istəyir və ölkə Avropa gündəmini və bizimlə bağlı siyasi yanaşmanı daha üst səviyyəyə qoymaq istəyir".
 
 Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. Aİ diplomatı bildirib ki, blokun xarici işlər nazirləri Türkiyənin bu çağırışına necə cavab verməyi müzakirə etməlidir: "Bilirsiniz, Ukraynanın Aİ-yə üzvlüklə bağlı namizədlik statusu bizim qonşuluğumuzda yeni dinamika yaradıb. Ukraynanın namizədliyi bütöv Balkanlarda bu prosesi sürətləndirəcək və təbii ki, Türkiyə də bu oyunda iştirak etmək istəyir". Ali nümayəndə əlavə edib ki, Aİ ilk olaraq Gömrük İttifaqının modernləşdirilməsinə və həmçinin Türkiyə ilə viza liberallaşması məsələsinə baxacaq. Qeyd edək ki, Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano  isə bir neçə gün əvvəl Avropa İttifaqının  Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır  olmadığını bəyan etmişdi. 

  Politoloq Turab Rzayev  isə “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə  yaranmış vəziyyətdən yararlanaraq Avropa Birliyinə daxil olmaq üçün NATO dövlətlərindən dəstək istəyir: “Türkiyə açıq şəkildə öz gözləntilərini bəyan edib. Həm də  sadəcə İsveçdən yox, Aİ və ABŞ qarşısında da öz istəklərini ifadə edib:  “Ona görə də qarşı tərəf nəsə demək məcburiyyətindədir. Türkiyə ABŞ-dən F16, F35 və digər silahlarla bağlı qadağasının götürülməsini istəyir. Aİ-nin də bütün embarqoları götürməsini və  vizasız rejimə keçid istəyir. Hansı ki, Türkiyə suriyalılarla bağlı müqavilə imzalanan zaman ona bunun sözü verilmişdi. Türkiyə suriyalıları qəbul etdi, lakin Avropa öz vədinə əməl etmədi. Bilirsiniz ki, Türkiyənin Avropa İttifaqı ilə sərbəst Gömrük Birliyi sazişi var. Bu saziş  yeniləndikdə Türkiyənin Avropadakı bazara sərbəst daxil olmaq imkanları  məhdudlaşdırıldı. Ona görə də rəsmi Ankara yenidən Avropa İttifaqı ilə siyasi anlaşma əldə etməsə də, iqtisadi cəhətdən "açıq bazar" prinsiplərinin yenidən onun üçün şamil olunmasını istəyir. 
  Düşünürəm ki, Türkiyə tezliklə Avropa İttifaqına üzv ola bilməsə də, onun Gömrük Birliyi sazişi və viza məsələlərində müəyyən güzəştlərdən istifadə etməyə nail ola bilər. Türkiyənin Avropa İttifaqına daxil olması kifayət qədər çətin məsələdir. Amma Türkiyə də haqlı olaraq etiraz edir ki, 50 ildir bunun üçün çalışırlar. Ukrayna  və İsveçlə  bağlı qərarlar tezləşdirilir, Türkiyə üçün müxtəlif maneələr yaradılır. Fikrimcə, Türkiyəni Aİ-yə qəbul etməmək üçün silah  embarqosunu qaldıracaq və vizayla bağlı müəyyən şərtlər sadələşdiriləcək. Tamamilə vizasız rejimin  tətbiqinə ehtimal vermirəm. Yəni Türkiyənin Avropa İttifaqına üzvlüyünü ABŞ, Böyük Britaniya, NATO  dəstəkləsə belə, Avropa İttifaqının yekun qərarı ilə bu baş tutmayacaq”.