İtaliya Çinin “Bir kəmər, bir yol” layihəsindən çıxmaq niyyətindədir

İtaliya Çinlə bağlanmış “Bir kəmər, bir yol” investisiya sazişindən çıxmaq və 2023-cü ilin sonunda başa çatacaq müvafiq Anlaşma Memorandumunu yeniləməmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “La Repubblica” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölkənin bu təşəbbüsdən çıxması İtaliyanın Baş naziri Corca Meloni ilə ABŞ Prezidenti Cozef Bayden arasında iyulun 27-də Ağ Evdə keçiriləcək görüşdə müzakirə olunacaq. O, C.Baydendən alternativ layihələrlə bağlı təkliflər gözləyir.

Xatırladaq ki, 2019-cü ilin martında Roma ilə Pekin İtaliyaya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmağa imkan yaradan Anlaşma Memorandumu imzalayıb. Daha sonra İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu rəsmən təsdiqləyən Avropa İttifaqının təsisçi ölkələrindən birincisi olub. Lakin həm Brüssel, həm də Vaşinqton Romanın bu addımını tənqid etmişdi. Onlar İtaliyaya tələsik addımın nəticələri ilə bağlı xəbərdarlıq etmişdilər.