Rusiyanın Qafqazda zəifləməsi Çinə "qanad açmağa" imkan verir - Sultan Zahidov 

Çin və Gürcüstan strateji tərəfdaşlıq qurduqlarını elan ediblər.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq qərar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə davam edən səfəri zamanı qəbul edilib. Birgə bəyanata görə, Pekin və Tbilisi siyasi, iqtisadi, həm də mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

"Tərəflər beynəlxalq problemlərin həllində koordinasiyanı gücləndirəcək, ikitərəfli dövlətlərarası münasibətləri dərinləşdirməyə davam edəcək, regionda, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəklər”, - sənəddə vurğulanır.

Bu iki ölkənin tərəfdaşlığını "Sherg.az"a şərh edən politoloq Sultan Zahidov bildirib ki, Çinin Gürcüstan ilə əməkdaşlığı iki məna kəsb edir:

"Həm İraklı Qarabaşvili, həm də Si Cinpin Çin Gürcüstan münasibətlərinin növbəti səviyyəyə çatmasından öz məmnunluqlarını bildirdilər. Onlar qeyd etdilər ki, ölkələr arası münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə çatdırılması həm Çin və Gürcüstan, həm də bütün Avrasiya regionu üçün müsbət töhfələr verəcək. Ümumiyyətlə Çinin Gürcüstan ilə partnyorluğu iki məna kəsb edir. Birincisi, Çin 2013-cü ildə təşəbbüs kimi irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsini nəzərə alır. Çünki bu, Asiyadan Avropaya, o cümlədən əks istiqamətdə nəqliyyat və infrastrukturun düzəldilməsini, ticari-iqtisadi yolların qurulmasını özündə əks etdirirdi".

Ekspert onu da əlavə edib ki, hazırda Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb:

"Savaşdan sonra Kreml hakimiyyətinin nüfuz sahibi olduğu regionlarda müəyyən qədər vakum yaranmaqdadır. Bu boşluqdan istifadə etmək istəyən qüvvələr var. Bunlardan biri ABŞ, digəri Çindir. Baxmayaraq ki, Rusiya və Çin bəzi məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Amma hər iki ölkə arasında həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda rəqabət mövcuddur. Bu baxımdan Rusiyanın Cənubi Qafqazda zəifləməsi Çinə daha çox "qanad açmağa" imkan verir. Rusiya əvvəllər də Mərkəzi Asiyada Çinin dominantlıq etməsinə birmənalı yanaşmayıb. İndi Putin hakimiyyəti bir növ dalandadır. Rusiya-Ukrayna müharibəsi fonunda bütün dünya Qərb tərəfdən sanksiyalarla üzləşib. Ona görə də Rusiya Çin üçün böyük strateji imkandır. Düşünürəm ki, indiki halda Rusiya Çin ilə olan münasibətini riskə atmaq istəməz".

Şahanə Tağızadə