Ərdoğanın siyasi varisi Bayraktardır - ŞƏRH

Əhəd Məmmədli: "Mənim üçün yenə də əsas namizəd S.Bayraktar olaraq qalır "

Son zamanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi varisinin kim olacağı məsələsinin Türkiyədə və bütün dünya mediasında olduqca maraq doğurur. Artıq bu mözvuda müxtəlif adlar səsləndirilir. Bu dəfə türkiyəli tanınmış jurnalist Fatih Altaylı öz rəsmi internet saytındakı məqaləsində 2027-ci il prezident seçkilərində Əkrəm İmamoğlunun rəqibinin Səlcuq Bayraktar olacağını vurğulayıb. Jurnalist bildirib ki, S.Bayraktar AK Partiya təşkilatında olduqca sevilən və hörmət edilən bir şəxsdir. Hətta bütün mühafizəkar partiyaların ona rəğbət bəslədiyi göz qabağındadır. O, elə bir addır ki, hətta rəqibləri də “Ərdoğanın kürəkəni” olmasından başqa onda tənqid ediləsi heç nə tapmırlar.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli bildirib ki, R.T.Ərdoğanın siyasi varisi məsələsi ortaya çıxandan sonra S.Bayraktarın gələcək namizədlər arasında olacağını düşünür: "S.Bayraktarın məhz ilk dəfə siyasi yöndə çıxışı Azərbaycanla bağlı olmuşdu. Onu çıxışı zamanı ilk dəfə idi ki, elə ab-hava müşahidə edirdim. Elə həmin vaxtdan məndə gələcəkdə onun Ərdoğanın varisi ola biləcəyi ilə bağlı fikir formalaşıb. Doğrudur, sonralar Nazirlər Kabinetinin yeni komandası açıqlandığı zaman ora xarici işlər naziri olaraq Hakan Fidanın təyin olunması artıq ictimaiyyətin fikrinin Hakan Fidan üzərinə yönəlməsinə səbəb oldu. Buna baxmayaraq, mənim üçün yenə də əsas namizəd S.Bayraktar olaraq qalır. O, gənc, perspektivli və Türkiyədə böyük sevgi bəslənilən biridir. Həmçinin dünya çapında yeni bir səhifə açması və Ərdoğanla qohumluq əlaqələri onun nüfuzunun daha da artmasına, dünya miqyasında tanınmasına səbəb olub".


Ə.Məmmədli vurğulayıb ki, hazırda Ərdoğanın varisi kimi Hakan Fidanın və Səlçuq Bayraktarın adları daha çox hallanır. Lakin hələ vaxta var və bu səbəbdən tam dəqiq heç nə demək olmur:

 "Düşünürəm ki, biz artıq Ərdoğanın siyasi varisi olacaq şəxsin yavaş-yavaş irəli verilməsinin şahidi olacağıq. Bundan sonra mülahizə yürütmək daha rahat olacaq. Ərdoğanın siyasi varisinin kim olmasından asılı olmayaraq xələfi onun cızdığı yol doğrultusunda fəaliyyət göstərəcək və bəlkə də həmin şəxs  Ərdoğandan daha böyük siyasi uğurlara imza atacaq".