Nazirlər görüşür: Fidan Lavrova deyəcək ki, Qarabağda...

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Rusiyaya gedəcək. O bildirib ki, baş diplomatlar bir sıra məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durumu da müzakirə edəcəklər. 

Nazirlərin görüşündə regionumuzdakı vəziyyət barədə də danışılacağı gözlənilən idi. 
Əvvəl də dediyimiz kimi, bu, Hakan Fidanın xarici işlər naziri kimi Rusiyaya ilk səfəri olacaq. Deməli, tərəflərin müzakirə edəcəyi xeyli məsələ var. 

Son zamanlar regionda durum mürəkəbbdir. Ermənistanın davam etdirdiyi hərbi təxribatlar, Laçın yolundakı tır şousu və bəzi dövlətlərin, xüsusilə Fransanın İrəvanın fitvasına getməsi bölgədəki gərginliyi daha da artırır. Əlbəttə, bu məsələlər regional dövlət kimi həm Türkiyəni, həm də Rusiyanı maraqlandırır. Nəzərə almaq lazımdır ki, Ankara kimi Moskvanın da regional maraqları var. 

 Nazirlərin görüşündə Ermənistan Azərbaycan arasındakı münasibətlərdəki son durumun müzakirə olunacağı şübhəsizdir. 
 Məlum olduğu kimi, rəsmi Ankara regional əməkdaşlıqla maraqlıdır. Bunun üçün İrəvanla Bakı arasında sülh əldə olunmalıdır. Amma Ermənistanın destruktiv mövqeyi buna mane olur. 

Çoxlarına məlumdur ki, Rusiyanın Ermənistanın davam edən provokasiyalarında bu və ya digər formada rol oynayır. Əgər Moskva istəsə təxribatları dayandıra bilər. Bunun üçün İrəvana qarşı sərt ritorika kifayətdir. Yəni indiki halda Rusiya gərginliyi ya özü idarə edir, ya da buna göz yumur. Yəqin, Fidan bu barədə Türkiyənin mövqeyini açıq ifadə edəcək. 

 Rusiyanın təxribatların dayanmasına və regional sabitliyə verəcəyi töhfə həm də Türkiyə ilə münasibətlərin qorunması üçün lazımdır. Çünki Azərbaycan, Qarabağ Ankaranın qırmızı xəttidir. Rusiya bunu bilməmiş deyil. Fidan isə, çox güman, görüş zamanı Lavrova qırmızı xətləri bir daha xatırladaq.

 Nazirlər ehtimal edilən sülh müqaviləsi barədə da fikir mübadiləsi aparacaqlar. Bu məsələdə Türkiyə və Rusiyanın mövqeləri üst - üstə düşmür. Belə ki, Ankara sülhün mümkün qədər tez əldə olunmasında, Moskva isə, əksinə, vaxtın uzanmasında maraqlıdır. Odur ki, sülh müqaviləsi ilə maraqlar toqquşur.
 
Qərbin Rusiyaya artan təzyiqlərini, Ukraynadakı müharibənin gedişatını və Türkiyə - Rusiya münasibətlərini nəzərə alsaq deməliyik ki, Moskvanın Ankaraya ehtiyacı var. Türkiyə Rusiya üçün müəyyən mənada "hava yastığı" rolunu oynaya bilər. Ancaq bundan ötrü əvvəlcə Rusiya Qarabağla bağlı oyunlarını dayandırmalı, Türkiyə və Azərbaycanın maraqlarını nəzərə almalıdır.
 
Bütün bu məsələlər baş diplomatların görüşü zamanı masada olacaq. Nazirlərin müzakirəsinin nəticəsi isə birbaşa ölkə liderlərinin ehtimal edilən görüşünün gündəliyini və detallarını müəyyənləşdirəcək.