Rusiya Federasiya Şurası: "Təəssüf ki, Ermənistan Rusiyaya qarşı açıq-aşkar dost olmayan addımı atdı”

“Təəssüf ki, Ermənistan Rusiyaya qarşı açıq-aşkar dost olmayan addımı atdı”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini şərh edərkən deyib.

O vurğulayb ki, Roma statutunun istənilən dövlət tərəfindən ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil: “Bu, özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmur".

Federasiya Şurası sədrinin müavininin sözlərinə görə, bugünkü ratifikasiya qərarı gələcəkdə Ermənistan hakimiyyətinin özünə qarşı ola bilər.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Roma statutunu təsdiqləyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibədə uşaq alverinə görə Rusiya Prezidenti Vladimir Putinin cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edib.