İsrail-Fələstin məsələsi: Yeni cəbhə açılır? - RƏY

İran XİN başçısı Hüseyn Əmir Abdullahian İraqın baş naziri ilə ötən gün keçirdiyi  görüşdə bildirib ki, bəzi ölkələrin rəsmiləri bizimlə əlaqə saxlayıb,  regionda yeni cəbhənin açılmasının mümkünlüyünü soruşurlar:

“Biz onlara dedik ki, gələcək imkanlarla bağlı aydın cavabımız odur ki, hər şey sionist rejimin ölkədəki fəaliyyətindən asılıdır”.

O iddia edib ki, müqavimət qruplarının “Əqsa fırtınası” əməliyyatı tamamilə fələstinlilərə aiddir və kortəbii bir hərəkətdir və qərblilər özləri də Netanyahunun ifrat davranışının bu şərtləri yaratdığını vurğulayırlar:

“İsrailin cinayətləri indi də davam edir və regionda heç kim daha bizdən yeni cəbhələr açmaq üçün icazə istəmir”.
Qeyd edək ki, Abdullahian İraqdan sonra səfərə getdiyi Beyrutda bu fikirlərini inkişaf etdirərək, İsrailə qarşı yeni cəbhələrin açıla biləcəyini bildirib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan  politoloq Sədrəddin Soltan bildirib ki,  İsrailə qarşı çıxan və yeni cəbhə açmağa çalışan əsas qüvvə İran hakimiyyətidir: 

“İranın naziri başqa nöqtələrin açılacağını bildirib. Əgər cəbhə açılar və HƏMAS-a yardım üçün əlavə qüvvə göndərilərsə, bu Suriya ilə Livan ərazisindən baş verə bilər. Digər tərəfdən HƏMAS-a İranla yanaşı yardım göndərə biləcək qüvvələr sırasında Suriyadakı Bəşər Əsəd rejimi, Livandakı hizbullah rejimi, Yəməndəki husi qiyamçıları və İraqdakı İran yönümlü Haşdi-Şabi silahlı birləşmələri var. Başda İraq olmaqla digər ərəb ölkələrinin isə dövlət olaraq İsrailə qarşı müharibə açmayacağını düşünürəm. Əksinə sözü gedən müharibə başa çatdıqdan sonra Ərəb ölkələri ilə İsrail arasındakı münasibətlər daha da genişmiqyaslı xarakter alacaq”. 

Politoloq regiondakı hər hansı bir 3-cü   ölkənin İsrailə qarşı müharibəyə qoşulmayacağını vurğulayıb:

“HƏMAS-ı kənardakı bəzi dövlətlər dəstəkləyə bilər. Yəni əsasən keçmiş sovet düşərgəsindən qaldığı üçün Nikaraqua, Venesuella, həmçinin Çin və Şimali Koreya kimi ölkələrdən dəstəyin gəlməsi mümkündür. Ümumiyyətlə, müharibənin sonunda HƏMAS adlı qüvvə qalmayacaq. Həmçinin proseslər İran hakimiyyətinin zəifləməsini ilə nəticələnəcək”.