Türkiyəli nazir: Azərbaycan və Türkiyə xoş gündə də, çətin gündə də bir yerdədir

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Sahibə Qafarova Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətinin və təcrübə mübadiləsinin əhəmiyyətini ifadə edib. O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlığın bu sahədə işbirliyinə töhfə verə biləcəyini diqqətə çatdırıb.

Milli Məclisin sədri “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğumuzu diqqətə çatdırıb. Mahinur Özdemir Nazir rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan danışıb.