Rusiyanın regiondakı rolunu gözardı etmək olmaz  - ŞƏRH

“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Lavrov bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.

“Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəliblər. İndi münasibətlərin tam normallaşması, ilk növbədə sülh sazişinin hazırlanması üçün əlbəttə ki, əməli addımlar qalır. Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Qoy onlar istəyirlərsə, Brüsseldə şanslarını sınasınlar, lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”, - Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Aytən Qurbanova bildirib ki, Rusiya regiona yeni aktorların cəlb olunmasında heç bir halda maraqlı deyil: 

“Rusiya regiona xarici təsirlərin olmaması üçün Brüssel və ya Vaşinqton formatı çərçivəsində görüşlərin davam etdirilməsini istəmir. 3+3 formatının daha çox dəstəklənməsində də əsas hədəf Qərbin regiona nüfuz etməsinin qarşısını almaqdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda Rusiya üçün bu gün əsas prioritet məsələ danışıqlar prosesindəki rolunu itirməməkdir. Eyni zamanda, Sovet dövründən qalan xəritələrin Rusiyada olması məsələsi də məhz onun danışıqlar prosesindəki iştirakının zəruriliyini vurğulamaq məqsədilə daima gündəmə gətirilir”.
 
Politoloq əsas həlledici amil olmasa da, Rusiyanın regiondakı rolunu gözardı etməyin mümkün olmadığını vurğulayıb: 

“Digər tərəfdən, Ermənistanın qərbyönümlü çıxışları, qeyri-konstruktiv mövqeyi və regiona üçüncü ya da dördüncü tərəfləri cəlb etmək cəhdləri də Rusiyanın bu mövqeyinə istisnasız təsir edən faktorlardan biri olaraq dəyərləndirilməlidir. Hər bir halda 3+3 platformasının önəmli aktorlarından biri olaraq Rusiyanın mövqeyi regionda sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, bu platformanın uğurluluq zəmanəti məhz orada təmsil olunan hər bir ölkənin konstruktiv yanaşmalarından birbaşa asılıdır. Ona görə də, region dövlətlərinin bu məsələdə həmrəylik nümayiş etdirməsi yekun nəticədə bizi sülhə aparacaq əsas məqam olaraq dəyərləndirilə bilər”.