Həqiqətləri görməyənlər...

Melani Colinin Ermənistana səfər proqramı Parisin təlimatları ilə tərtib edilib

Kanada Fransanın Cənubi Qafqaz coğrafiyasında yeni təhlükəli alətlər yaratmaq səylərini bölüşür

  30 il dünyanın tanımadığı haqqımızı öz gücümüzlə bərpa etməyimiz, ərazi bütövlüyümüzü, suverenliyimizi öz gücümüzə təmin etməyimiz, Ermənistanla yanaşı, ermənipərəst dairələri də ciddi şəkildə narahat etməkdədir. Fransanın açıq separatçı addımlarından, Hindistanın hərbi dəstəyindən sonra növbəti cəfəng bəyanat Kanadanın xarici işlər nazirindən gəlib. Ermənistana səfəri zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən Melani Coli həddini aşaraq Bakını sanksiyalarla hədələməkdən belə çəkinməyib. Qeyd edək ki, bu, ilk deyil. Melani bundan əvvəl də Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirmişdi. Erməni diasporunun əlaltısına çevrilmiş M.Colinin özü və nazir olduğu ölkəsi müstəqil qərar qəbul etmək gücündə deyil. Yəni beynəlxalq imici olmayan Kanadanın ABŞ tərəfindən idarə olunan marionet ölkə olduğu heç kimə sirr deyil. Ədalət, insan hüquqlarından danışan M.Coli yaxşı olar ki, Kanadanın keçmişinə boylansın. Xüsusi olaraq bir məqamı vurğulamaq lazımdır ki, Kanadadan fərqli olaraq Azərbaycan yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmayıb. Azərbaycan Kanada kimi Avropadan qaçan cinayətkarların qurduğu, yaxın tarixdə formalaşmış ölkə deyil. Azərbaycanın minillik dövlətçilik tarixi, mədəni və tarixi keçmişi var. Kanadanın öz vəhşilikləri fonunda ölkəmizi "etnik dözümsüzlükdə" ittiham etməsi siyasi əxlaqsızlıqdır. Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. M.Colinin XİN başçısı kimi səriştəsizliyi, Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Xatırladaq ki, bir müddət əvvəl Kanadanın müxtəlif şəhərlərindəki katoliklərə aid internat məktəblərinin həyətindən; birindən 182, digərindən 751, başqa birindən də 215 uşaq məzarı aşkarlanıb. Kütləvi məzarların müasir həyata inteqrasiya adıyla zorla internata cəlb olunan yerli hinduların uşaqlarına ad olduğu bildirilib. Bu faktın özü Kanadanın başqa bir ölkəni etnik təmizləmədə ittiham etməsinin nə qədər absurd olduğunu ortaya qoyur. Həm də okeanın o tayında yerləşən bir ölkənin Cənubi Qafqazda baş verən hadisələrə kobud müdaxiləsi nə iqtisadi, nə də siyasi baxımdan məntiqə uyğundur. Kanada kimi ölkələr 30 il ərzində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyü haqqına göz yumublar. Ancaq indi nə hikmətdirsə, anidən bölgə ilə bağlı "narahat" olmağa başlayıblar. Əslində, Kanada kimi marionet ölkələrin əsl niyyəti bəllidir. Məqsəd regionun stabilliyi, əmin-amanlıq və sülh deyil. Qərb ölkələrinin qayəsi erməni üzərindən Cənubi Qafqazda öz maraqlarını təmin etməkdir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-nin bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur. Amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. İstənilən halda kanadalı nazirin Azərbaycanı sanksiya ilə hədələməsi isə istehza və ikrah doğurur. Kanada yerini bilməli, əsassız və isterik açıqlamalarla özünü gülüş obyektinə çevirməməlidir. M.Coli, deyəsən, özünü vaxtilə Azərbaycanla əmr formasında danışmağa çalışan Yuri Kimə oxşatmaq istəyir. Tarixi, yerli xalqlara qarşı utancverici səhifələrlə dolu olan, polisinin, təhlükəsizlik və sərhəd xidmətinin fərdlər üzərində etnik və dini əsasda nəzarət mexanizmi qurduğu (“racial profiling” təcrübəsi) bir ölkənin, riyakarların, “yeni səlib yürüşü”nə çıxanların Azərbaycana “mühazirə” oxumasını qətiyyətlə rədd edirik.
  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfərini, İrəvanda ölkəsinin səfirliyinin açılışında iştirakını, Azərbaycana qarşı ittihamlarını daha geniş bucaqdan şərh etmək lazımdır. Analitik hesab edir ki, ilk olaraq Kanadanın Fransa ilə əlaqələrindəki müştərək narrativlərə diqqət etməkdə fayda var:

"Fransa ilə Kanadanın əlaqələrinin mənəvi aspektləri ortaq tarix və ortaq dillə əlaqəli şəkildə klassikləşmiş qiymətə minib. Fransa və Kanadanın zəngin gündəliyə malik ikitərəfli əlaqələri onların münasibətlərinin çevrəsini Frankofoniya Təşkilatındakı ortaq maraqların belə fövqünə çıxarır. Parislə Ottavanın müttəfiqliyi əsasında Fransa Kanadanı özünün genişmiqyaslı ambisiyalarının reallaşması istiqamətinə cəlb edir. Beləliklə, Kanada Fransanın beynəlxalq nizamın orbitini dəyişmək üçün tərtib etdiyi qaydalarla oynayır.
  Deməli, Kanada Fransanın Cənubi Qafqaz coğrafiyasında yeni təhlükəli alətlər yaratmaq səylərini bölüşür. Bu tendensiya Fransa-Kanada münasibətlərində beynəlxalq mobilliyi təmin edən hərəkətlərin bir hissəsidir. Bu mənada Fransanın Ermənistanı silahlandırmaq üçün üzərinə öhdəliklər götürməsi Kanadaya da məsuliyyət yükləyir. Gələcəkdə Fransa ilə Kanadanın ikitərəfli və çoxtərəfli kontekstdəki geniş müdafiə əməkdaşlığının təzahürləri Cənubi Qafqazda üzə çıxa bilər".
  Ekspertin sözlərinə görə, məntiq bu cür söyləyir ki, Kanada XİN başçısının Ermənistana səfər proqramı Parisin təlimatları ilə tərtib edilib: "Ottava Fransanın regiondakı maraqlarına əhəmiyyətli dəstək vermək üçün əlindən gələni etməyə çalışır. Kanada Fransanın müəyyən etmək istədiyi qlobal çağırışların icrasına effektiv yardım göstərməkdən ötrü Ermənistanla ikitərəfli əlaqələri dərinləşdirir. Belə hesab edir ki, bu, Fransanın regiondakı rəqiblərinə qarşı tutarlı cavab kodeksidir. Kanadada hələ Qarabağ münaqişəsi dövründə ermənipərəst mövqe olub, bu, yeni bir əlamət deyil. Ancaq indi Kanadanın baş diplomatının İrəvanda Azərbaycanı sanksiyalarla hədələməsi Parisin mövqeyini nəhəng göstərməyə hesablanan addımdır".