Təkbətək görüşlər üçün maneələr yoxdur - SİYASİ GÜNDƏM

Azərbaycan və Ermənistan vasitəçi olmadan Gürcüstanda razılığa gələ bilərlər


  Son günlər gündəmə gələn məsələlərdən biri Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının qonşu Gürcüstanda aparılmasıdır. Gürcü hökumətinin başçısı, o cümlədən rəsmilər də bunu dəfələrlə təklif ediblər. Ermənistan Baş naziri Nikol Paşinyan da Gürcüstanda Forum çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla da bir araya gəlib. Əksər ekspertlərin fikrincə, kənar vasitəçi olmadan İrəvan-Bakı danışıqlarının Tbilisidə aparılması, müəyyən nəticələrin əldə olunması baxımından daha effektli ola bilər. 

  Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a  bildirib ki, Azərbaycan və Ermənistan vasitəçi olmadan da danışıqları davam etdirə və müəyyən razılıqlara gələ bilərlər. Siyasi şərhçi vurğulayıb ki, Bakı və İrəvan arasında çoxsaylı görüşlər keçirilib və əsas müzakirə mövzuları dəqiqləşdirilib: 

"Tərəflər hansı məqamların ciddi müzakirələrə ehtiyac duyduğunu bilirlər. Yəni təkbətək görüşlər üçün demək olar ki, maneələr yoxdur. Ancaq Ermənistan tərəfi çalışır ki, Fransa kimi ölkələri sülh danışıqlarına cəlb etsin və aranı qarışdırsın. Fransa və bir sıra Qərb ölkələri də İrəvanın vasitəsilə Cənubi Qafqaza nüfuz etməyə səy göstərirlər. Lakin bir daha qeyd edirəm ki, Azərbaycan və Ermənistan arasında birbaşa təmasların olması, müzakirələrin aparılması daha effektli hesab olunur və nəticələrin hasil olmasına ümid yaradır. Bəllidir ki, regionda ABŞ-nin, Avropa Birliyinin, o cümlədən Rusiyanın öz maraqları var. O səbəbdən Gürcüstan, Azərbaycan və Ermənistanın bölgə dövlətləri olaraq öz problemlərini özləri arasında müzakirə etməsi daha məqbuldur. Gürcüstan vasitəçilik təklifi yox, görüş məkanı təklif edir və müzakirələrə qatılmır, müdaxilə etmir. Bu da önəmli məqamdır. Prinsip etibarı ilə Gürcüstan variantını mümkün görürəm. İki tərəf arasında həlli mümkün olan məsələləri danışmaq üçün Vaşinqtona, Brüsselə, yaxud Moskvaya getməyə ehtiyac yoxdur".