Makronun ardıcıl Özbəkistan və Qazaxıstana səfəri Fransanın Mərkəzi Asiyada möhkəmlənmək niyyətindən xəbər verir
Qazaxıstan Fransanın EDF şirkəti ilə AES mümkün tikintisi ilə bağlı danışıqlar aparmağa hazırdır.
Bunu Qazaxıstanın energetika naziri Almasdam Satkaliyev deyib.
“EDF AES-in tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq”, - Satkaliyev bildirib.
Onun sözlərinə görə, nazirlik həmçinin "Total Energies" şirkəti ilə külək elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq, Qazaxıstanın "Kazatomprom" şirkəti ilə Fransanın "Orano" şirkəti arasında qarşılıqlı fəaliyyət və bir sıra digər məsələləri müzakirə etməyi planlaşdırır.
Fransanın Afrikada itirdiyi mövqeləri yenidən qazanmaq üçün addımlar atdığını söyləyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a vurğulayıb ki, Cənubi Qafqazda bunu Ermənistan hesabına etməyi düşünür:
"Hətta Ermənistan vasitə kimi nəzərdən keçirilərək onun adından radikal addımlar atılır. İndi isə artıq Fransanın Mərkəzi Asiyaya doğru boylandığını görürük. Yəni Makronun ardıcıl Özbəkistan və Qazaxıstana səfəri Fransanın Mərkəzi Asiyada möhkəmlənmək niyyətindədir. Hətta “Total Energies” şirkətinin AES, alternativ və bərpa olunan enerji sahəsində sərmayələr yatırması niyyəti də özünü göstərməkdədir. Lakin Mərkəzi Asiya uzun illərdir ki, siyasi nöqteyi-nəzərdən Rusiyanın təsiri altındadır. İqtisadi cəhətdən isə Çinin ekspansionist mövqeyi hiss olunmaqdadır. Yəni rəsmi Pekin güclü sərnayələrlə Mərkəzi Asiyanı öz təsir dairəsinə daxil etməyə çalışır".
Analitikin sözlərinə görə, Fransa Qazaxıstanda AES açmaqla Rusiyanın regionda sıxışdırılıb çıxmaq niyyəti daşıyır:
"Görünür ki, Rusiyanın maraqları olan ərazilərdə Fransa əks-cəbhəni təşkil etməkdə maraqlıdır. Mənə elə gəlir ki, xüsusilə Qazaxıstanda Makronun təşəbbüsləri ənənəvi olaraq möhkəmlənmiş Rusiyanın maraqlarına zərbədir. Bundan sonra Fransanın digər Mərkəzi Asiya ölkələrinə də ayağı açıla bilər. Eyni zamanda rəsmi Paris həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında önəmli geostrateji mövqeyə sahib olan Azərbaycanın mövqeyini qiymətləndirməlidir. Yəni Azərbaycanın geostrateji çəkisinə nəzər salmalıdır. Çünki Azərbaycanın iştirakı olmadan hansısa böyük təşəbbüslər mümkün deyil".
Qeyd edək ki, bu gün Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib. Makron sabah da Özbəkistana səfər edəcək.