Bütün oxlar ABŞ-ni göstərir: Vaşinqton istəsə İsrail-Həmas savaşı bir günə dayanar

İsrail baş naziri Benyamin Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib. O, bu barədə İsrail hökumət başçısı müraciətində bildirib: "Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, eyni zamanda ağrılı itkilərimiz var. Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır. Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar. Sizə İsrail vətəndaşlarına söz verirəm: işi başa çatdıracağıq. Qələbəyə qədər davam edəcəyik".

"İsrail bizə zorakılıqdan başqa seçim qoymayıb - HƏMAS"

HƏMAS sözçüsü Qazi Həməd bildirib ki, İsrail onlara zorakılıqdan başqa seçim qoymayıb. Fələstinlilər İsrail işğalının qurbanıdır: “Biz işğalın qurbanıyıq. Beynəlxalq hüquqa görə, işğalçılara qarşı mübarizə aparmağa tam haqqımız var”.

Sunak Netanyahu və Abbasla danışıb

Böyük Britaniya baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb. Qeyd olunub ki, Sunak Netanyahu ilə telefon danışığında Qəzzaya humanitar yardım axınının sürətlə artırılmasının vacibliyini vurğulayıb. Sunak həmçinin, Böyük Britaniyanın girovların təhlükəsiz qaytarılmasının təmin edilməsinə diqqət yetirdiyini vurğulayıb. Mahmud Abbasla söhbətində Sunak bildirib ki, Böyük Britaniya Fələstin xalqını qorumaq, daha da gərginləşmənin qarşısını almaq və böhranın sülh yolu ilə və davamlı həllini təmin etmək üçün diplomatik səyləri dəstəkləməyə davam edəcək.

Qəzzada bizim əsas vəzifəmiz budur - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail-Fələstin qarşıdurmasının qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir: "Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”. O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib.

"Ukrayna və Fələstin üçün ayrı-ayrı standartlar ola bilməz"

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukrayna üçün ayrı, Fələstin üçün ayrı standartlar ola bilməz. Nazir qeyd edib ki, Türkiyə Qəzzada atəşkəs və davamlı sülhün əldə edilməsi üçün qətiyyətlidir. Onun sözlərinə görə, İsrail və Fələstin üçün sülh və təhlükəsizlik baxımından ən vacib məsələ iki dövlətli həll yoludur: "İsrail Qəzzada şiddətə son qoymalıdır. İsrail-Fələstin münaqişəsinin regiona yayılmasının qarşısını almaq lazımdır. Türkiyə atəşkəsin təmin edilməsi, beynəlxalq sülh konfransının təşkil edilməsinə dair səylər göstərir və qarant ölkələrdən biri olmağa hazırdır".

"İsrail və Misir 500-ə yaxın əcnəbinin Qəzzadan çıxarılmasını razılaşdırıb"

Hakan Fidan qeyd edib ki, İsrail və Misir 500-ə yaxın xarici vətəndaşın Qəzzadan çıxarılmasına dair razılıq əldə ediblər. O qeyd edib ki, onlar Misirin Rəfah sərhəd məntəqəsi vasitəsi ilə Qəzzanı tərk edəcəklər. Onun sözlərinə görə, yaxın günlərdə aralarında Türkiyə vətəndaşları da olan daha bir qrup xarici vətəndaşın Qəzzadan çıxarılması üçün danışıqlar gedir.

BMT-nin yüksək vəzifəli diplomatı Qəzzada baş verənlərə görə istefa verib

BMT-nin İnsan Haqları üzrə Nyu-York ofisinin direktoru Kreyq Mokhiber istefa verib. Qeyd edilib ki, o, BMT-nin Qəzzada baş verənləri dayandırmaqda “uğursuzluğuna” görə istefa verib. Kreyq Mokhiber, Qəzzada baş verənləri soyqırım adlandıraraq, BMT-nın bunun qarşısını almaqda aciz olduğunu vurğulayıb.

İran XİN başçısı Qəzzadakı vəziyyətə görə ABŞ-ın məsuliyyət daşıdığını deyib

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Qəzzada vəziyyətin nəzarət altından çıxmasına görə ABŞ və İsrail məsuliyyət daşıyır. O qeyd edib ki, İran münaqişəni dayandırmaq üçün bütün regional ölkələr ilə danışıqlar aparır. Nazir onu da əlavə edib ki, Qəzzaya humanitar yardımların çatdırılması son dərəcə vacibdir.

"İsrail çalışır ki, Qəzzadan əhalini məcburi şəkildə köçməyə məcbur etsin"

Politoloq Turab Rzayev deyib ki, Qərb dövlətləri İsrail-Həmas savaşında öz strateji maraqlarından çıxış edirlər:

"Bir sıra Qərb ölkələri İsraillə yaxınlığı nəzərə alaraq birbaşa və açıq şəkildə mövqe ortaya qoyurlar ki, "biz İsrailin yanındayıq". Xüsusən Almaniya kimi ölkələr yəhudi soyqırımı ilə bağlı keçmiş günahlarını yumaq üçün bu tipli açıqlamalar verirlər. Ona görə də istənilən halda İsrailə dəstək ifadə edirlər. Ancaq problem ondadır ki, Qərb dövlətlərinin hadisələri yatışdırmaq əvəzinə, qızışdırıcı bəyanlarla çıxış etmələri münaqişəni daha da genişləndirə, dünya müharibəsinə çevrilməsinə rəvac verə bilər. Lakin ABŞ-nin Qəzzaya yerüstü əməliyyatı dayandırmaqla bağlı, Qəzza zolağına humanitar yardımla bağlı çağırışları, Misir və digər ölkələrlə təmas qurması onu deməyə əsas verir ki, Ağ Ev məsələnin ciddiliyini anlayır. Ən azından humanitar məsələlərdə Qəzza əhalisinə yardım göstərilməsinə çağırış edir. Qəzza əhalisinin Misirə köçürülməsinin əleyhinə olduğunu deyir". Analitikə görə, bu məsələdə Rusiya və İranın mövqeyi aydındır: "Hər iki ölkə başından bəri açıq şəkildə Fələstinə dəstək göstərəcəklərini bildiriblər. Misir, Səudiyyə Ərəbistan və digər dövlətlər də Fələstinə dəstək verməyə məcbur qalırlar. Çünki onlar öz ölkələrinin xalqlarının iradəsini nəzərə almağa məcburdurlar. Əks halda daxildə ciddi problemlə üzləşə bilərlər. Türkiyə sükut nümayiş etdirir. Çalışır ki, bölgədə sakitlik olsun. Ankara hərbi həllin əleyhinədir.. Türkiyə bölgədə sülhə ən çox çalışan ölkələrdəndir".