Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya ilə problemləri konstruktiv şəkildə müzakirə etmək və dostcasına irəliləmək niyyətini bəyan edib.
Bu barədə o büdcə müzakirələri zamanı bildirib.
“Ermənistan-Rusiya münasibətlərində bəzi nəzərəçarpan problemlər var, çox şey bizi qane etmir, çox şey bizi təəccübləndirir, başa düşdüyüm kimi, Rusiyada da oxşar münasibət var”, - Mirzoyan qeyd edib.
Məsələylə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elçin Xalidbəyli söyləyib ki, Ermənistanla Rusiya münasibətlərinin gərginləşməsinin əsas səbəbi ABŞ və Qərbin Paşinyan hakimiyyətinə verdiyi sifarişlərdir:
"Amerikalılar, avropalılar, xüsusən də fransızlar Paşinyan hakimiyyətinə təlimat verirlər ki, Rusiya ilə münasibətləri qırmaq lazımdır. Yəni Ermənistanın Kremldən uzaqlaşıb Qərbə inteqrasiya etməsi lazımdır deyilir. Bir sözlə Paşinyan hakimiyyəti də bu sifarişləri həyata keçirdiyi üçün iki ölkə arasındakı münasibətlər gərginləşir".
Analitik əlavə edib ki, Paşinyan hakimiyyəti davam etdikcə Rusiya və Ermənistan münasibətlərindəki gərginlik qalacaq:
"Ümumiyyətlə Paşinyanın hakimiyyətdə qalması üçün Qərbin dəstəyi olduqca vacibdir. Ona görə də Nikol Rusiya ilə münasibətlərin gərginləşməsinə üstünlük verir. Hətta Paşinyan hakimiyyətinin nümayəndələrindən biri bu gün açıqlama verib ki, Rusiya Ermənistanda dövlət çevrilişinə cəhd edib. Guya Şimal Küləyi Ermənistanda "Yarpaq dökümü" əməliyyatı aparırmış. Yəni ittihamlar Rusiyaya yönəlib və belə də davam edəcəyi şübhə doğurmur".