Parislə Dehlini silah alqı-satqısı əməkdaşlığı birləşdirir

Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransadır

  Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Kumar deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır: “Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də, ordunun ruhu daha önəmlidir: Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi. Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”. Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq: “Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Ermənistan hakimiyyəti özünə təsəlli verir ki, Hindistanla əməkdaşlığı gücləndirməklə dünyanın ən çox əhalisi olan ölkənin dəstəyini qazanacaq, lakin yanılırlar. Politoloq vurğulayıb ki, Hindistan dünyanın ərazi və əhali baxımından öndə olan ölkələrindən olsa da, sosial-iqtisadi cəhətdən acınacaqlı səviyyədədir: "Bu ölkədə əhalinin böyük hissəsi səfalət içində yaşayır. İstehsal etdiyi əksər məhsulların keyfiyyəti isə müasir dünya standartlarına cavab vermir. Belə olan halda Hindistan istehsalı olan silahlar da Ermənistan ordusunu “müasirləşdirmək” iqtidarında deyil. Bu cür ölkədən silah alması ilə qürrələnən Ermənistan, əslində, özünü gülünc vəziyyətə salır. Ermənistanın yaxın Türkiyəni qoyub uzaq Hindistanla əməkdaşlığa üz tutması növbəti uğursuzluğuna işarədir. Ermənistanın xarici siyasət kursu hazırda bütün fəaliyyətini bir ölkənin diktəsi və fəaliyyəti üzərində qurub. Təbii ki, bu da Fransadır. Elə Ermənistan-Hindistan-İran geosiyasi üçbucağını qurmaq xəyalı da məhz Parisdən qaynaqlanır. Yəni Fransa bu məsələdə ola bilsin, lokomotiv rolunu oynayıb. Rəsmi Paris Hindistanı uzaq və perspektivsiz, yoxsul Ermənistanla əməkdaşlıq xətti götürməyə məcbur edir. Məsələ ondadır ki, Parislə Dehlini silah alqı-satqısı əməkdaşlığı birləşdirir. Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransa, daha dəqiq ifadə etsək, Emmanuel Makronun uğursuz siyasətidir".