Türkiyə rəsmisindən III Dünya müharibəsi ANONSU: Ölümcül silahlar... - ŞƏRH

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib ki, dünyada Üçüncü dünya müharibəsi artıq başlayıb. Onun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var. 
N. Kurtulmuş əvvəllər də bir neçə dəfə bu barədə danışıb və Üçüncü dünya müharibəsinin başlanacağı barədə xəbərdarlıq edib. İndi isə o, əvvəlkilərdən fərqli olaraq belə bir savaşın artıq başlandığını elan etdi. 
Əvvəllər də dediyimiz kimi, hazırda dünyada çox ciddi siyasi kataklizmlər gedir. Ayrı-ayrı regionlarda, o cümlədən Şərqi Avropada və Yaxın Şərqdə davam edən döyüşlər sadəcə iki tərəfin mübarizəsi deyil. Bu, dünyada baş verən ümumi xaosun tərkib hissəsidir. Məsələ ondan ibarətdir ki, böyük siyasi aktorlar, o cümlədən ABŞ, Fransa, Rusiya, İran, Türkiyə ayrı-ayrı bölgələrdə davam edən toqquşmaların nəticəsində birbaşa maraqlıdır. Odur ki, üçüncü güclər bu və ya digər formada müxtəlif regionlardakı proseslərə təsir etməyə çalışırlar. 
İndi böyük siyasi aktorlar təsir göstərə bildikləri dövlətlərdən istifadə edərək müxtəlif bölgələrdə öz maraqlarının təmin olunmasına çalışırlar. Amma bu, müvəqqətidir. Hazırda “dirijor” olmağa çalışan oyunçular bir azdan sonra “səhnəyə çıxacaqlar”. 
Onu da deyək ki, bu gün dünyada sürətli qütbləşmə prosesi gedir. Bu, dünya dövlətlərinin öz mövqelərini seçməsi ilə müşahidə olunur. Bu proses yaxın gələcəkdə daha da sürətlənəcək. Çox güman, hətta neytral qalmağa, balanslı siyasətə üstünlük verən dövlətlər də öz tərəflərini seçməli olacaqlar. Bu isə artıq ayrı- ayrı dövlətlər arasında yox, Qərblə Şərq arasında müharibə deməkdir. 
Güclənən  qütbləşmə məhz Üçüncü dünya müharibəsi deməkdir. Əlbəttə, bu proses təkcə siyasi yox, həm də hərbi müstəvidə özünü göstərəcək və ölümcül silahların, o cümlədən nüvə silahının tətbiqi ilə nəticələnəcək.