Böyük Britaniyaya regionda sülh lazımdır
“Odur ki, bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması və sülh sazişinin bağlanması istiqamətində müəyyən mənada iştirak etmək istəməsi tamamilə normal qəbul oluna bilər"
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertinin bu gün Cənubi Qafqaza səfəri başlayır. Bu barədə Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Dekorti ilk səfərini Ermənistana edəcək: “Leo Dokerti Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Böyük Britaniyanın bu ölkələrin suverenliyi və təhlükəsizliyinə daimi dəstəyini vurğulayacaq”. Qeyd edilib ki, bu, Dekortinin bu il regiona üçüncü səfəridir.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, Cənubi Qafqaz daima Londonun diqqət mərkəzində olub. Ekspert vurğulayıb ki, İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda bu diqqət daha da artıb:
"Böyük Biritaniya və Azərbaycan ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır və uzun illərdir ki, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. İkinci Qarabağ savaşı zamanı Böyük Britaniyanın ədalətli mövqe tutduğunu gördük. Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməsinin qarşısının alınmasında Böyük Britaniyanın rolu əvəzsiz oldu. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə lider ölkələr sırasındadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb".
Analitik qeyd edib ki, Cənubi Qafqazda Böyük Britaniyanın maraqları həm də İran və Rusiya faktoru ilə bağlıdır:
"London bütün imkanları ilə Rusiyanın və İranın regiona təsir imkanlarının azalması istiqamətində aktiv fəaliyyət göstərir. Digər vacib maraq isə Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışları təhlükəsizlik zolağına çevirmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu, yaşıl enerjiyə keçidində oynadığı rolu BP şirkətinin nəhəng maraqları kontekstində inkişaf etdirməkdən ibarətdir. Bütün sadalanan maraqların təmin edilməsi üçün isə Böyük Britaniyaya regionda sülh lazımdır. Odur ki, bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması və sülh sazişinin bağlanması istiqamətində birbaşa olmasa da müəyyən mənada iştirak etmək istəməsi tamamilə normal qəbul oluna bilər".