ABŞ kimi ölkələrin daimi dostları olmur-RƏY

Bakının Vaşinqton görüşündən imtina etməsi tamamilə doğru addımdır


 ABŞ müstəqilliyimizin ilk illərindən bəri Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyib. 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımızı işğal etməsinə baxmayaraq, Azərbaycan sanki "işğalçı" kimi qələmə verildi və nəticədə Amerikanın ölkəmizə yardımını dayandırmasını nəzərdə tutan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul olundu. Bu düzəliş 10 il qüvvədə qaldı və Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında ABŞ-dən yardım almayan yeganə dövlət oldu. Bu, Vaşinqtonun erməni lobbisinin əlində alətə çevrildiyinin əyani sübutudur. Çünki Azərbaycana qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz bir addım atıldı. Hazırda Konqresdə erməni lobbi qruplarının sifarişi ilə Azərbaycana qarşı qərəzli müzakirələr aparılır, yenidən ədalətsiz addımlar atılır. Amma ABŞ rəsmiləri Azərbaycanı hədələməklə, təzyiqlərlə bizi haqq yolumuzdan çəkindirə bilməzlər. Amerika ərəb ölkələrində yaratdığı faciələrdən yararlanaraq onların enerji resurslarını talayır, milyardlarla dollar qazanc əldə edir. ABŞ-nin siyasəti Ukrayna kimi böyük iqtisadiyyata malik bir ölkəni də məhvə aparmaqdadır. 
 
 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Amerika Birləşmiş Ştatlarının dost, yaxud düşmən olduğunu ayırd etmək olmur. Çünki özlərini supergüc hesab edən, hegemon kimi aparan bu cür ölkələrin daimi dostları olmur. 
Ekspert bildirib ki, ABŞ daim öz geosiyasi maraqlarından çıxış edir:
 "Bir çox hallarda isə “ikili standart”lar siyasəti yürüdür. Adi dildə isə buna ikiüzlü siyasət, riyakar siyasət deyilir. Zaman-zaman Ağ Evin, ABŞ Dövlət Departamentinin, ABŞ Konqresinin, eləcə də rəsmi dairələrə yaxın olan “Nyu York Tayms”, “Vaşinqton Post” kimi iri media qurumlarının anti-Azərbaycan xarakterli addımlarının, qərarlarının, bəyanatlarının, qərəzli yazılarının şahidi oluruq. Görünən budur ki, ABŞ-nin hakim elitası bu gün də Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirmək xəttinə sadiqdir. ABŞ Senatının və Nümayəndələr Palatasının son addımları da bu fikrimizi təsdiqləyir. Dövlət Departamenti və Nümayəndələr Palatası da Senatdan geri qalmır".
  
Analitik vurğulayıb ki, ABŞ-nin vasitəçilik rolunu itirməsinə gətirib çıxara biləcək birtərəfli yanaşması fonunda rəsmi Bakının Vaşinqton görüşündən imtina etməsi tamamilə doğru addımdır:
 "Bu, həddini aşan ABŞ rəsmisinin əsassız və qərəzli mövqeyinə tutarlı cavabdır. Dövlət Departamentinin rəsmisinin dinləmələr zamanı səsləndirdiyi sərsəm fikirlər onu göstərir ki, ABŞ-nin uzun illərdir özünü demokratiyanın beşiyi sayması saxtakarlıqdan, riyakarlıqdan başqa bir şey deyil. Bu ölkənin öz müttəfiqləri, koalisiya ortaqları ilə birlikdə Əfqanıstanı, İraqı, Liviyanı, Suriyanı xarabalığa çevirməsi və hazırda Qəzza zolağında qətliam törədən İsraili müdafiə etməsi ABŞ-nin demokratiyanın və ədalətin beşiyi olmadığını göstərir. Bu mənada, Birləşmiş Ştatların dünyada ədalət carçısı kimi çıxış etməyə heç bir haqqı yoxdur. Proseslər onu göstərir ki, ABŞ-nin son addımları Bakı-İrəvan münasibətlərini daha da gərginləşdirməyə və Cənubi Qafqazda növbəti hərbi eskalasiyaya şərait yaratmağa xidmət edir. Vaşinqtonun ermənipərəst siyasi gedişləri sülh prosesinə açıq-aşkar zərbə vurur. Ağ Evin hazırkı davranışlarında sülh gündəmini təşviq etmək cəhdləri əsla sezilmir. Azərbaycana hərbi yardımın dayandırılması, Ermənistana isə dəstəyin genişləndirilməsi regionu sülhə yox, müharibəyə sürükləyir".