Orada bizim türkmən qardaşlarımız yaşayır, həmişə bizə dəstək olublar
Noyabrın 20-də Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib. Dövlət başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladıb. İraq prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib. İraq prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb. Səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb. Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edilib. Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirilib. Prezident İlham Əliyev bildirib ki, İraq prezidentinin səfəri çox yaxşı nəticələr verəcək: "Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik. Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz”.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid da bildirib ki, əlaqələrin gücləndirilməsi çox yaxşı haldır: "Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır”.
Politoloq Tural İrfan "Sherg.az"a deyib ki, İraq ilə Azərbaycan arasında əlaqələr genişlənməlidir.
Ekspert bildirib ki, İraq prezidentinin ölkəmizə səfəri əlaqələrin inkişafını göstərir və bu, çox vacibdir:
"Ərəb dünyası ilə əlaqələrin bir hissəsi İraqın payına düşür. İraqda bizim türkmən qardaşlarımız yaşayır və hər zaman Qarabağ məsələsində bizə dəstək olublar, mənəvi dayaq durublar. İraq Kürdüstanı ilə də əlaqələr müsbət istiqamətdədir. Bir qədər əvvəl Bərzani də ölkəmizə səfər etmişdi. Ümumiyyətlə, İraq rəhbərliyi tam stabil və müstəqil siyasət aparmaq fürsətinə nail olmasa da, əlaqələrin inkişafı bu əlaqələrin müsbət istiqamətdə irəliləməsinə aparan amillərdəndir. ABŞ və İranın təsiri altında olan İraq hələ də müstəqil siyasi qərarlar qəbul etməkdə tam cürətkar deyil. Hər bir halda erməni lobbisi İraqda da var və digər ərəb ölkələrində olduğu kimi orada da öz işini görür. Ancaq bu əlaqələr və görüşlər sayəsində ermənilərin İraqda Azərbaycan əleyhinə təbliğatının və iş görməsinin qarşısını ala bilər. Düzdür, Ərəb dünyasına İraqın o qədər də təsiri olmasa da, ən azı Azərbaycan ilə əlaqələrin müsbət olması işin xeyrinədir. İraqda İranın təsiri də böyükdür. Erməni lobbisi və ermənipərəstlik İraqda İran təsiri ilə də inkişaf edə bilər. Necə ki, vaxtilə Fələstində ermənilər lehinə işlər görülüb, istər-istəməz Fələstin idarəçiləri də bu fikirdə olublar".
Analitik diqqətə çatdırıb ki, burada, şübhəsiz, kənar dövlətlərin təsiri böyükdür:
"O dövrdə əsasən sovet hakimiyyəti bu işləri idarə edirdi. Hazırda dövlət siyasətimizə mane olan ölkələr digər ölkələrdə də öz təsirini qoya bilirlər. Ona görə İraqda İran propaqandası anti-Azərbaycan işinə, təbliğinə davam etdikcə biz də işlər görməliyik. Keçən dəfə Kərbəla ziyarəti ərəfəsində radikalların bir neçəsi terrorçuluqda təqsirli bilinərək həbs edilmiş şəxslərin şəkillərini qaldıraraq Azərbaycan əleyhinə şüarlar səsləndirmişdilər. Şübhəsiz ki, bunun arasında maraqlı olan qüvvələr var. Ancaq İraq-Azərbaycan əlaqələri genişlənsə, yaxınlaşsa, münasibətlərin şəffaflığı müsbət halların gələcəkdə xalqların da yaxınlaşmasına səbəb ola bilər".
Siyasi şərhçi əlavə edib ki, müsəlman İraq xalqı ilə Azərbaycan xalqı arasında qədimdən əlaqələr olub:
"Nəcəf şəhərində ən çox alim Azərbaycan xalqından olub. O elm ocağını əslən İrəvandan olan Azərbaycan əsilli şəxslər qoyub. Hacı Zeynalabdin Tağıyev həmişə o hövzənin tələbələri üçün maddi yardım edib.
Bir neçə il əvvəl Kərkük şəhərinin türkmən şəhəri olaraq qalması, türkmən soydaşlarımızın haqlarını müdafiə qismindəki İraq səfiri ilə görüşümüz zamanı da əlaqələrin daha da yaxınlaşmasını vacib hesab etmişdik".