KİV: Ermənistanda gələn il növbədənkənar parlament seçkiləri keçirilə bilər

Ermənistanda gələn il növbədənkənar parlament seçkiləri keçirilə bilər.
APA “Hraparak“ nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin siyasi dairələrində aktiv müzakirə gedir.
Nəşrin yazdığına əsasən, Baş nazir Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin son iclaslarından birində hazırkı parlament müxalifətinin “məqsədinə çatacağı” ilə hədələyib.

“Paşinyan yeni seçkilər keçirəcəyini, parlamentin hazırkı mənzərəsini dəyişdirəcəyini və parlament müxalifətini tamamilə yeni bir formaya salacağını qeyd edib”, - nəşr bildirib.

“Siyasi dairələrdə o da istisna edilmir ki, Paşinyan, mandatını daha möhkəmləndirmək üçün inzibati resurslarından növbəti dəfə istifadə edərək, belə bir qətiyyətli addımı atıb növbədənkənar seçkilərə gedə bilər”, - nəşr əlavə edib.

Həmçinin qeyd olunub ki, bu addımı atmaqda məqsəd - siyasi qüvvələri hazırlıqsız yaxalamaq və yeni müxalifətin baş qaldırmasına imkan verməməkdir.