Qranada “razılığı” ilə sülh... - Mirzoyan

Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.
“Bu yaxınlarda Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumu ilə bağlı razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi. Ümid edirik ki, bu müsbət siqnaldan sonra Azərbaycan sülh prosesinə sadiq qalacaq”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır. Bu prinsiplər ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması ilə bağlıdır.
Qeyd edək ki, Qranada görüşündə Azərbaycan Prezidenti iştirak etməyib və hansı “razılıqdan” söhbət getdiyi bəlli deyil.