Nazir: Azərbaycanın xarici siyasət prioritetləri uğurla inkişaf edir

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə çətinliklərlə üzləşib, xarici siyasət mexanizmləri məhdud olub, geniş diplomatik nümayəndəliklər şəbəkəsi olmayıb.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsində çıxışı zamanı bildirib.

“Ancaq buna baxmayaraq, Heydər Əliyevin Azərbaycan torpaqlarının mütləq azad olunması ilə bağlı çıxışlarına baxaraq anlamaq olur ki, onun tarixi ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərpası ilə bağlı əminliyi var idi", - nazir deyib.

Nazir qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetlərinin inkişafı bu gün də uğurla davam edir: “Hazırkı dövrdə ən ümdə prioritet işğaldan azad olunmuş torpaqların inkişafı və bərpasıdır. Hər dəfə bu ərazilərə səfər edərkən inkişaf dinamikasının şahidi oluruq.

İnanıram ki, bu ərazilər yalnız Azərbaycanın deyil, geniş coğrafiyanın ən gözəl və inkişaf etmiş məkanlarından birinə çeviriləcək”.