Ermənistan yenə "İki arada, bir dərədə qalıb"?

Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Bu barədə “Hraparak” qəzeti “Mülki müqavilə” partiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
“Məlum olduğu kimi, İrəvan uzun müddətdir ki, nümayişkaranə şəkildə Rusiyanı boykot edir. Nə Ermənistanın xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi tədbirlərdə iştirak edir. Parlament fəallarının Gümrüdə keçirilən iclasında Paşinyan və Mirzoyan şikayətləniblər ki, Qərb İrəvanın addımlarını düzgün qiymətləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb”, - mənbə bildirib.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən  siyasi şərhçi Elmir Səftərov bildirib ki, Ermənistan Qərbdən güclü hərbi-siyasi dəstək gözləyirdi, ancaq hərbi əməkdaşlıq məsələləri NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının( KTMT) əks maraqları səbəbindən mürəkkəbləşdi:
“Ermənistan hökuməti bir yandan Rusiya platformalarında görüşmək, KTMT sessiyalarında iştirak etmək təkliflərindən imtina etsə də, bir yandan da KTMT-dən çıxmaq niyyətinin olmadığını bəyan edirdi. Rəsmi İrəvan xarici siyasi vektorunu dəyişmədiyinə, amma özü üçün etibarlı və faydalı platformalara getdiyinə işarə edir. Belə olan təqdirdə, əgər Ermənistan Rusiyaya etibar etmirsə, niyə hələ də KTMT-də qalır? Əvvəla, xatırlatmaq lazımdır ki, indiki administrasiya təkcə KTMT formatında keçirilən görüşləri deyil, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində baş tutan son toplantıları da boykot etmişdi. Yəni Rusiyanın aparıcı rol oynadığı bütün təşkilatları. Əsas məsələ isə Ermənistanın siyasi primitiv hiylədən istifadə edərək Qərbə meyillənməklə Rusiyanı qıcıqlandırması və ondan daha güclü dəstək əldə etmək niyyəti idi. Ermənistan hakimiyyətinin xarici siyasətlə bağlı bütün tənqidlərə bir cavabı var: "Ermənistana təhlükəsizliyini təmin edən tərəfdaşlara lazımdır". Buna görə də Ermənistan mümkün müharibə zamanı praktiki addımlar ata biləcək real tərəfdaşlar qazanmaq istəyir. Kobud səhvləri, qeyri-konstruktivliyi, hərbi və siyasi məğlubiyyətləri, həmçinin bəzi dairələr tərəfindən idarə olunduğu müddətcə Ermənistan heç yerdə sabit tərəfdaşlar əldə edə bilməz. İrəvan artıq anlamağa başlayır ki, özü təhlükəsizliyini qoruya bilməsə, o missiyanı mövcud geosiyasi reallıqda başqa heç bir aktor yerinə yetirməyəcək, qalanı isə geosiyasi avantürizmdir. Əgər Nikol Paşinyan ardıcıl olaraq erməni xalqını məğlubiyyətə aparırsa, deməli, bu, şüurlu destruktiv siyasətdir. İrəvan açıq-aşkar öz təhlükəsizliyinə qarant axtararaq, bir yandan da hegemon dövlətləri "sınaqdan" keçirdi. Proseslər göstərdi ki, Qərbin bəyanatlarından əlavə real nəticə hasil olmadı. Qərbin əsas məqsədi Ermənistanı regionda Rusiyanın orbitindən çıxarmaq və İranın təsir dairəsindən kənarlaşdırmaqdır. 
Amma Ermənistan Qərblə və Rusiya ilə əlaqələrini paralel olaraq yürütmək siyasətini də gözdən keçirəcək.
Ola bilsin ki, Qərb Ermənistana bildirib ki, Rusiya ilə münasibətləri kəskinləşdirmə, çünki biz sizin təhlükəsizlik məsələlərinizi operativ şəkildə həll edə bilmərik, regiondan uzağıq. İndi isə Nikol Paşinyana kömək edirlər ki, Mixail Saakaşvilinin gününə düşməsin və Rusiya ilə əlaqələrini tənzimləsin”.

E.Səftərov son günlər Ermənistan və Rusiya münasibətlərinin isinməsinin müşahidə olduğunu söyləyib:
“Rusiya də öz növbəsində Ermənistana izah edir ki, problemlər region ölkələri daxilində  həll edilə bilər. 
Reallıqlar isə onu göstərir ki, xarici aktorların regional problemləri həll etmək cəhdləri ciddi qlobal fəlakətə çevrilir. Yuqoslaviya, İraq, Liviya hadisələrini buna misal çəkmək olar. Ona görə də Ermənistan da başa düşür ki, Qərbin gətirdiyi "sülh" təkcə özünə fayda verə bilər. Artıq İrəvan və Moskva Ermənistanda yeni atom elektrik bloklarının tikintisi ilə bağlı danışıqlar aparır. Bu məsələ də Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmadığını, əlaqələrini isə genişlədirdiyini sübut edir. 
Bundan əlavə, Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin dinamikasının çox müsbət olması də tərəflər arasındakı buzların əriməsini göstərir.
Qarşıda ölkələr arasındakı bir sıra mühüm iqtisadi məsələlərin həllinə kömək edəcək yeni razılaşmaların də əldə ediləcəyi ehtimal olunur”.