Kartlar açıldı: Putin Qərbə ultimatum verir?

Ukraynanın suverenliyi və bütövlüyünün yeganə təminatçısı Rusiya idi.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında deyib.
“Rusiya Sovet İttifaqını yaradanda, sadəcə olaraq, əhalisi ilə birlikdə özünün böyük tarixi ərazilərini, nəhəng potensialını (Ukraynaya - red.) verdi və bütün bu əraziyə nəhəng sərvətlər yatırdı”, - deyə dövlət başçısı bildirib.
Kreml rəhbəri bildirib ki, Ukrayanın qərb əraziləri İkinci Dünya müharibəsindən öncə Polşaya məxsus olub:
"Tarix yenə də hər şeyi öz yerinə qoyacaq, Rusiya mane olmaq niyyətində deyil, lakin özününkünü verməyəcək.
Birləşmiş Ştatlar, necə ki, özləri deyir, Ukraynanı qoparıb, Rusiyanın Avropa ilə münasibətlərini pozdular, bu baxımdan, təəssüf ki, istədiklərinə nail oldular. Biz sadəcə olaraq, başqa cür davrana bilmədik. Ya da onların istədiyi hər şeyi verməli və onların bunu tam yeyərkən, necə çeynədiklərinə baxmalı idik? Bu, bizim, əsl Rusiya ərazimizdir. Biz bunu edə bilməzdik”.

Mövzu ilə bağlı "Sherg.az"a  açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov  bildirib ki, Putin bu  fikirləri ilə açıq şəkildə Ukraynanın Rusiya ərazisi olduğunu deyir:

 “O, ərazilərin heç kimə verilməyəcəyini konkret olaraq söyləyir. Yəni keçmiş SSRİ-yə daxil olan Ukrayna ərazilərini güzəştə getmək istəmir. Digər tərəfdən Avropaya onları Rusiya ilə qarşı-qarşıya gətirənin ABŞ olduğunu da vurğulamaqdan çəkinmir. Putin eyni zamanda açıqlamaları ilə kollektiv Qərbi parçalamağa çalışır. Ukrayna ilə bağlı belə açıq fikirləri sonuna qədər ərizlər uğrunda mübarizə aparacaqlarını bir daha sübut edir. Ukrayna Rusiya üçün strateji hədəfdir və bunu Qərb də bilir. Bu səbəblə Putin kartlarını açıq şəkildə oynayır. Onun belə tərzdə açıqlamaları Qərbə ultimatum xarakterli mesajdır”.