Rəisi-Paşinyan danışığında 2 məqama diqqət yetirmək lazımdır
İran Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən addımları, eləcə də, platformaları dəstəkləyir. Eyni zamanda bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət etməklə, bunu sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. Bu barədə İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla ötən gün baş tutan telefon danışığında bildirib. Rəisi Qafqazı sülhə ehtiyacı olan mühüm region kimi xarakterizə edib: “İranın Qafqazla bağlı xarici siyasəti müəyyən edilib. Qafqaz regionunun regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsini və onun məsələlərinin kənar şəxslərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllini təmin etmək lazımdır”. İran rəhbəri Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələri arasında bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addım qiymətləndirib: “Region ölkələrinin qarşılıqlı fayda və mənafelərini təmin etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İranın əsas siyasətidir”.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Rəisi-Paşinyan danışığında 2 məqama diqqət yetirmək lazımdır. Ekspert deyib ki, hazırda Ermənistan rəhbərliyinin ortalığa qoyduğu "dünya sülh kəsişməsi" yeni kommunikasiya sisteminin ortalığa buraxılmasıdır:
"Maraqlısı odur ki, İran da bu kommunikasiya sisteminə razılıq verir. Dəhliz termini ifadə olunmasa da, burada Azərbaycanın konkret ifadə etdiyi maraqları çərçivəsində kommunikasiya sisteminin açılmasından söhbət gedir. Tehran hökuməti də bunun regionda sülhə töhfə verəcəyini bildirib. Çünki İran özü də bu nəqliyyat dəhlizindən və geniş logistika imkanlarından istifadə şansı qazanır. İran tərəfi həm də Ermənistan rəhbərliyinin diqqətinə çatdırır ki, İranın razılığı o zaman keçərlidir ki, regional layihələrə kənar güclərin müdaxiləsi yolverilməzdir. Bu, İran üçün arzuolunan məsələ deyil. Hansısa problem varsa, region ölkələri arasında həllini tapmalıdır. İrəvana verilən mesaj bundan ibarətdir. İran Ermənistanın gündəmə gətirdiyi layihəyə qarşı bir şərtlə qarşı çıxmır. Bu şərt də regional məsələlərə kənar dövlətlərin, Qərb ölkələrinin müdaxiləsinə imkan verməməkdir. Tehran İrəvana bir tərəfdən kökə, digər yandan zopa göstərir".