Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda vurğulanıb ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Qeyd olunub ki, hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir: "Müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram. Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.
Azərbaycan qlobal alternativ güc olan Çinlə münasibətlərə hər zaman önəm verib. Prezident İlham Əliyev dəfələrlə bunu öz müsahibələrində, əksər beynəlxalq tədbirlərdə qeyd edib. “Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir”, - deyən dövlət başçısı ikitərəfli əlaqələrdə qazanılan nailiyyətləri çox uzun bir yolun başlanğıcı hesab etdiyini söyləyib. Bu yolu strateji əməkdaşlıq yolunun başlanğıcı adlandırıb. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edirlər.
Çin Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalıb, ya da qərarların lehinə səs verib. 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Çin 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da ölkəmizin yanında dayandı. BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın haqq mübarizəsini müdafiə etdi. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan münaqişəni Avrasya və hətta qlobal konteksdə görüb.
Azərbaycan uzun illərdir ki, xarici siyasət hədəflərindən biri Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsinə çalışıb. Nəticə də göz önündədir. İqtisadi əlaqələrdən bəhs edərkən, ilk növbədə, vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu beynəlxalq siyasət Azərbaycanın dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına yol açıb.
Deputat bildirib ki, Çin dövləti dünyada iqtisadi və hərbi gücünə görə öz çəkisi olan ölkədir:
"Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə şəxsi dostluq münasibətlərinin möhkəm olması ölkələrimiz arası strateji əlaqələrin inkişafını da yeni mərhələyə çıxarıb. Si Cinpinin Prezident İlham Əliyevi təbrik etməsi və təbrik məktubunda Azərbaycanla münasibətlərinin inkişafına böyük əhəmiyyət verməsi, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək niyyəti ölkəmizə göstərilən böyük hörmətdən irəli gəlir. Dövlət başçımız Çinin irəli sürdüyü Bir kəmər bir yol layihəsinə qoşilaraq tarixi İpək Yolunun bərpa edilməsində həll edici rol oynayıb. Bu gün Azərbaycan Çin Xalq Respublikasında ticarət evlərini açır və ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə töhfə verir. Çin dövlət başçısı ölkə başçımızın bu təşəbbüslərini yüksək dəyərləndirir və ikitərəfli əlaqələrin inkişafına maraqlı olduğunu bildirir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan dünya xəritəsində ərazisinə və əhalisinə görə o qədər böyük ölkə olmasa da beynəlxalq əməkdaşlıqda qurduğu münasibətlərinə və dünya siyasətinə verdiyi töhfələrinə görə nəhənglərin arasında nəhəng olmağını bacarıb:
"Bu uğurlara Prezident İlham Əliyevin Liderliyi sayəsində nail ola bilmişik və gələcəkdə də bizi böyük nailiyyətlər gözləyir. Ölkəmizin Çin Xalq Respublikası kimi dünya nəhəngi ilə dostluq və əməkdaşlığın genişlənməsi Azərbaycana qarşı düşmənçilk gözü ilə baxan Fransa və Hindistan kimi dövlətlərə də bir mesajdır. Onlar da bilməlidrlər ki, Cənubi Qafqaz regionunda qitələri birləşdirən və dünya gücləri ilə dostluq və qardaşlıq münasibətlərini günü-gündən möhkəmləndirən Azərbaycan var. Mən inanıram ki, ölkəmizə düşmən gözü ilə baxan ölkələr də yaxın gələcəkdə öz baxışlarını dəyəşcəklər. Çünki Azərbaycan ancaq sülh və əməkdaşlıq məkanıdır".