Azərbaycanlı politoloq erməni blogerlə müzakirə aparıb

Politoloq təəssüratlarını “Şərq”lə bölüşüb 

Blogerin etirafları fonunda  Ermənistanda siyasi vəziyyətin gərgin olduğu, əhalinin narazılığının isə pik həddə çatdığı məlum olub

“Ermənilər hesab edir ki, hökumət dövlətə, cəmiyyətə  zərər verən siyasətdən imtina etməli, qonşu dövlətlərlə dil tapmalıdır”


  "Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
Verilişin qonağı erməni jurnalist və bloger Natali Aleksanyan olub. O, Azərbaycan və Ermənistanın gələcəyə baxmalı və heç nədən asılı olmayaraq sülh şəraitində yaşamağa başlamalı olduğunu qeyd edib.
"İki xalq arasında münasibətlərin yolunda olmasını və milli mənsubiyyətindən asılı olmayaraq hamının normal şəraitdə yaşamasını istərdim. İlk növbədə, iki ölkə ümumi fikrə gəlməli, danışıqlar aparmalıdır", - Aleksanyan deyib.
Bloger Azərbaycanla Ermənistan arasında son danışıqlarda üçüncü tərəfin olmamasını müsbət məqam olaraq qiymətləndirib.
  "İki ölkə liderinin görüşü və bu istiqamətdə digər rəsmilərin atdığı addımlar müsbət təzahürdür və mən bunu dəstəkləyirəm. Burada digər qüvvələrin iştirakına ehtiyac yoxdur. Hər şeyin əvvəlki məcraya qayıtmasını, müharibə, döyüş əməliyyatlarının olmasını istəməzdik. Üçüncü tərəflərin iştirakı ilə yenidən əvvəlki vaxtlara qayıda bilərik. Azərbaycan və Ermənistan aralarındakı problemləri özləri həll etməlidir", - o belə hesab edir.
Aleksanyan ilk növbədə erməni xalqının daxili qorxusundan qurtulmalı olduğunu qeyd edib: "İzləyicilərim və həmfikirlərim tez-tez zəng edir, yazır və hər şeyin yoluna düşməsi üçün nə etmək lazım olduğunu soruşurlar. Mən onlara deyirəm ki, ilk növbədə erməni xalqı daxili qorxusundan qurtulmalıdır. Onlar qonşularının onlara daima təzyiq göstərəcəyindən qorxurlar və buna görə düşünürlər ki, hazır olmaq lazımdır. 44 günlük müharibə başlayana qədər onlar qorxmurdular, əhvalları tamam fərqli idi. Lakin müharibədən sonra erməni cəmiyyətində böyük qorxu hökm sürür. Lakin bu, düzgün deyil, bu qorxunu aradan qaldırmaq və qarşılıqlı anlaşma əldə etmək lazımdır. Sonda qeyd etmək istəyirəm ki, keçmiş rəhbərlərimiz və valideynlərimiz vaxtilə bizi doğru məcraya yönəldə bilmədilər. İndi biz gələcək barədə düşünməliyik və elə etməliyik ki, gələcək nəsillər düşmənçilik hissi bəsləməsinlər". 
 
 Sözügedən  videomüsahibə ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən politoloq Tofiq Abbasov erməni blogerin etirafları fonunda  Ermənistanda siyasi vəziyyətin gərgin olduğunu, əhalinin narazılığının isə pik həddə çatdığını deyib. Politoloq hesab edir ki,  çox ciddi kütləvi psixoz problemi yaşayan erməni cəmiyyəti mövcud vəziyyəti düzgün qiymətləndirməlidir: 
“Cəmiyyət həqiqətən çox  pis vəziyyətdədir.  Əksəriyyət proseslərə radikal mövqedən yanaşır. Ölkədə yaranmış  acınacaqlı sosial-iqtisadi vəziyyət sağlam düşüncəyə sahib  olan ermənilərin kütləvi şəkildə ölkəni  tərk etməsinə  gətirib çıxarıb. Demək olar ki, hazırda Ermənistan vətəndaşları  kütləvi olaraq  müxtəlif xarici  ölkələrə  köçürlər. Buna səbəb də Ermənistan hökumətinin sağlam və rassional siyasət yeridə bilməməsidir. Ölkədən gedənlərin çoxu yaşadıqları ölkədə layiqli həyat şəraitinin olmamasını və iş yerinin  olmamasını etiraf edir, Ermənistanın qonşu dövlətlərə qarşı yeritdiyi yanlış siyasətdən bezdiklərini iddia edirlər. Xüsusən də, 44 günlük Vətən müharibəsindən sonra ermənilər  Ermənistanda yaşamağın heç bir mənasını görməyərək, təhlükəsizliklərini təmin edən daha etibarlı ölkələrə üz tuturlar.
Yaranmış vəziyyətdən nəticə çıxara bilməyən Ermənistan hökuməti isə 44 günlük müharibədəki  məğlubiyyətlərinə rəğmən yenə də silahlanır, müxtəlif kürsülərdə müharibə anonsları verirlər. Hindistandan, Fransadan, Yunanıstandan silah-sursat alan Ermənistan yenidən Azərbaycana qarşı həmlə planları qurur. Sağlam düşüncəli insanlar isə hökumətin bu siyasətini yanlış hesab edir, lakin dilə gətirməyə qorxurlar. Ölkədən çıxanlar isə linç edilməkdən ehtiyatlanırlar.  Lakin lokal dairələrdə günahın Ermənistanın siyasi rəhbərliyində olduğunu etiraf edir, onların qonşularla dil tapa bilmədiyini qeyd edirlər. 
  Sosial şəbəkələrdə aktiv olan  erməni jurnalistlər,  blogerlər  isə  öz fikirlərini açıq-aşkar  bildirirlər. Qeyd edirlər ki, hökumət dövlətə, cəmiyyətə  zərər verən siyasətdən imtina etməli, qonşu dövlətlərlə dil tapmalıdır.  Daim müharibə, qarşıdurma şəraitində yaşamaq, insanlara nifrət aşılamaq olmaz.  Ermənistan sağlam məntiqə köklənməsə, bütün bunlara nail olmaq mümkün deyil”.
  
T.Abbasovun sözlərinə görə, Ermənistanda dövlət strukturları ilə yanaşı, erməni cəmiyyəti də dağınıqdır, hələ formalaşmayıblar. Bu isə inqilabla  düzələcək  bir şey deyil. Erməni cəmiyyəti mütləq təkamül prosesi keçməlidir. Axı onlar gördülər ki, qarşıdurma, nifrət siyasəti ilə bunlar heç nəyə nail ola bilmədilər.