Böyük hədəflər uğrunda yola çıxmaq siyasi liderlər üçün ən mühüm xüsusiyyətlərdən biridir. Prezident İlham Əliyev məhz belə liderlərdəndir. Hələ 20 il öncə, ilk dəfə prezident seçilərkən dövlət başçısı statusunda mətbuat nümayəndələrinə ilk müsahibəsində “Mən hər bir azərbaycanlının lideri olacağam və yaxşı prezident olacağam” zəmanətini, vədini səsləndirən İlham Əliyev ötən onilliklər ərzində bu vədini yüksək səviyyədə, peşəkar siyasətçi kimi yerinə yetirməyi bacardı. İlham Əliyev bu gün bütün dünya azərbaycanlılarının dəstəklədiyi şəriksiz liderdir. Bütöv bir xalqın dəstəyini, sevgisini qazanmaq heç də hər siyasi liderə nəsib olmur. Azərbaycan tarixində nadir liderlərə belə bir parlaq siyasi ömür yaşamaq, ardıcıl qələbələrə imza atmaq, güclü dövlət qurmaq, beynəlxalq səviyyədə nüfuz qazanmaq müyəssər olub. İlham Əliyev 200 ilin mürəkkəb və ağrılı problemlərini 20 ilə həll etməklə öz adını tarixi dəyişən liderlər cərgəsinə yazdırdı. Davamlı torpaq itkiləri ilə, dəhşətli soyqırımları və deportasiyalarla, dövlətçiliyin süqutu ilə, işğal faciəsi ilə zəngin olan acı gerçəkliklərimizə məhz İlham Əliyevin sayəsində son qoyuldu. Onun “Biz birlikdə güclüyük” şüarına söykənərək xalqımızın qalib ruhunu ortaya çıxarmasıyla tariximizdə bir dönəm – faciələr və məğlubiyyətlər dönəmi qapandı. Biz İlham Əliyevin liderliyi ilə Qələbələrlə dolu ən yeni tariximizi yaratmağa və yaşamağa başlamışıq.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, gələcək tarixçilər heç şübhəsiz ki, Prezident İlham Əliyevin hakimiyyət dövrünü Azərbaycanın qızıl dövrü adlandıracaqlar.
Ekspertin sözlərinə görə, İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövrü kimi tarixə daxil olub:
"Dövlətimizin başçısı ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsi, hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində yorulmadan çalışaraq, 30 il davam edən işğala 44 günə son qoydu, torpaqlarımızın işğaldan azad edilməsinə, fəxarət rəmzimiz olan üçrəngli, ay-ulduzlu dövlət bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Eləcə də 19-20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin həyata keçirilməsi zamanı hərbçilərimizin böyük qəhrəmanlığı nəticəsində Qarabağda separatizmə həmişəlik son qoyuldu və Xankəndi xəyalımız da gerçək oldu. Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırması tariximizin ən möhtəşəm anlarından biri kimi yadda qaldı. Bu hadisələrin hər biri epoxal hadisələrdir, ayrıca tarixdir. Çünki məğlubluq, əziklik psixologiyasına təslim olan bir çox insanlarımız bədbinliyə qapılaraq ağlına da gətirə bilmirdi ki, gələcəkdə nəinki Şuşada, hətta Xankəndidə də bayrağımız dalğalanacaq, “Laçın dəhlizi” anlayışı tarixin arxivinə atılacaq, Ordumuz Ermənistanla sərhədlərimizdə üstün mövqelər əldə edəcək. Bəli, bütün bunlar bir çoxlarına xəyal kimi, yuxu kimi, əlçatmaz arzu kimi görünürdü. Lakin İlham Əliyev bütün bunları gerçəyin özünə - gerçəkliyə çevirdi. Və biz bütün bu fövqəltəbii hadisələrin, misilsiz uğurların, triumfal qələbələrin hamısına məhz İlham Əliyevin hakimiyyətinin 20-ci ilində, Azərbaycan tarixinin qızıl ilində - 2023-cü ildə şahidlik etdik".
Analitik diqqətə çatdırıb ki, 2023-cü il tariximizə "Xankəndi ili" kimi, qələbələrimizin zirvə ili kimi daxil oldu:
"Xankəndinin özü isə Zəfər paytaxtımıza çevrildi. 2023-cü il dekabrın 21-də Xankəndi stadionunda baş tutan Zəfər matçında - “Qarabağ”-MOİK oyununda topa rəmzi toxunuş etməklə isə, İlham Əliyev Azərbaycanı Cənubi Qafqaza sülh, həmrəylik gətirən ölkə kimi təqdim etdi. Bu toxunuşla dünyaya mesaj verildi ki, Azərbaycan işğal dövründə olduğu kimi postmüharibə dövründə də sülhsevər ölkə olaraq qalır. 2023-cü ilə həm də Azərbaycanın ikinci İntibah (tərəqqi və yüksəliş) dövrünün start ili kimi baxmalıyıq.
Birinci İntibah dönəmində (2003-2023) İlham Əliyevin liderliyi ilə bütövlüyünü bərpa edən Azərbaycan, indi də beynəlxalq miqyasda gücünü, nüfuzunu daha da artırmaq yolunda yeni inkişaf konsepsiyasını həyata keçirməyə başlayır. Azərbaycan beynəlxalq səviyyəli aktorlardan biri kimi imic qazanaraq dünya üçün önəmli proseslərdə fəal rol oynayacaq. 2024-cü ildə COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi də ölkəmizin beynəlxalq miqyaslı aktorlardan birinə çevrilməsininin təsdiqidir. Beləliklə, hərbi-siyasi müstəvilərdə həlledici qələbələrə imza atan Azərbaycan, bundan sonra qlobal diplomatiya müstəvisində uğurları ilə diqqət mərkəzinə gələcək. Azərbaycan bu uğurları da böyük siyasi təcrübəsi, əzmkar liderlik performansına sahib olan İlham Əliyevin rəhbərliyi ilə qazanacaq".
Ə.Hüseynov vurğulayıb ki, cənab Prezident hazırda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin və lokal antiterror əməliyyatının nəticələrinin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, Böyük Qayıdışın reallaşması istiqamətində ciddi səy və əzmkarlıq göstərir:
"Görülməkdə olan bütün bu işlər bütöv və güclü Azərbaycanın qurulmasına xidmət edir. İlham Əliyev sözü və əməli bir olan liderdir. 15 oktyabr 2023-cü il tarixdə Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldarkən etdiyi çıxışında Prezident İlham Əliyev 20 il öncəki vədlərinə əməl etdiyini qürur hissilə vurğuladı. Bəli, bu gün hər kəs etiraf edir ki, dövlətimizin başçısının son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edilib. Məhz buna görə də o, sözü imzası qədər keçərli olan, xalqın etimadını layiqincə doğruldan bir Lider kimi tanınır. Təsadüfi deyil ki, sənətçisindən tutmuş siyasətçisinə qədər, vətəndaşlarımız da Prezidentə böyük inam hissilə yanaşır, ona etimad bəsləyir, "İlham Əliyevin alternativi yoxdur” mövqeyindən çıxış edir. Çünki həm vətəndaşlarımız, həm də dünyada yaşayan soydaşlarımız daim dövlət başçımızın qayğısını, dəstəyini hiss edir. Bütün dünya azərbaycanlıları belə bir güclü Liderimizin olması ilə fəxr edir. Təsadüfi deyil ki, “Bir olaq, həmrək olaq!” devizi ilə çıxış edən dünya azərbaycanlıları, xaricdəki diaspor fəallarımız da 7 fevral 2024-cü il prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini bildirirlər. Onlar Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasına nail olan qalib Liderə dəstək verməyi özləri üçün mənəvi borc hesab edirlər. Müstəqilliyini günbəgün daha da möhkəmləndirən və bütün dünya tərəfindən qalib dövlət kimi qəbul edilən hazırkı Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin gerçəkləşən arzularının ünvanıdır. Prezident İlham Əliyev Ulu Öndərimizin Azərbaycanla bağlı bütün arzularını gerçəyə çevirməklə, Qarabağın işğaldan azad edilməsi ilə bağlı Ata vəsiyyətini yerinə yetirməklə həm tarix yaratdı, həm də tariximizə qızıl hərflərlə yazılan şanlı səhifələrin sayını daha da artırdı. Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və qalib dövlətə çevrilməsi qeyd-şərtsiz İlham Əliyevin adıyla sıx bağlıdır. Bu gün Azərbaycan Prezidenti bütün dünya birliyi tərəfindən zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanınır və qəbul edilir. Biz ötən 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, bəli, İlham Əliyev fədakar dövlət başçısı kimi, mübariz Ali Baş Komandan kimi xalqımızın ona göstərdiyi etimadı tam layiqincə doğruldub. O, ölkəmizin qarşısında duran ən həssas və önəmli məsələləri müvəffəqiyyətlə həll etməyə nail olduğunu sübut edib. Bu, onun bir Lider kimi həqiqətən də böyük tarixi nailiyyətidir, torpaqları işğal edilən məğlub xalqı Qalib Xalqa çevirən Qalib Liderin müstəsna xidmətidir. Qalib Liderimiz İlham Əliyevi həm doğum günü, həm də qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edir və bütün Azərbaycan xalqı kimi biz də onu dəstəklədiyimizi bəyan edirik. Uğurlar, Cənab Prezident!".