Analitik vurğulayıb ki, CHP-nin bir növ xarici amillərin carçısına çevrildiyini artıq çox əminliklə demək olar
Türkiyə Böyük Millət Məclisində terror aktlarını pisləyən 4 partiyanın birgə bəyannaməsinə hakim AKP, MHP, İYİ və Səadət Partiyası imza atsa da, Cümhuriyyət Xalq Partiyası (CHP) və sol DEM partiyası imza atmaqdan imtina edib. Xüsusən, CHP-nin bu addımı ictimaiyyətdə və siyasilər arasında ciddi rezonansa səbəb olub. Əksəriyyət ana müxalifət partiyasının terrora qarşı çıxmamasını sərt şəkildə qınayıblar. Türkiyə Prezidenti R.T.Ərdoğan da CHP və DEM Partiyasını bəyannaməni imzalamadıqlarına görə tənqid edib. Ərdoğan deyib ki, terroru pisləyə bilməmək, terrorçu ilə eyni dili danışmaq qorxaqlıqdır: "Terrorçu kimi rəftar olunmaqdan qaça bilmir. Burada əsl sorğulanması lazım olan CHP-nin vəziyyətidir. Siyasi partiyalar birləşir, amma Atatürkün partiyası CHP utanmadan özünü separatçı təşkilatın uzantılarının yanında yerləşdirir".
İYİ Partiya sözçüsü Kürşad Zorlu da bildirib ki, terrorla mübarizədə hər zaman dövlətin yanındadırlar: "Təəssüf ki, bəzi partiyalarımız məsələyə siyasi arenada qiymət verməyə üstünlük verdilər. İYİ partiya terroru siyasətdən üstün, dövlət məsələsi olaraq görür və dövlətinin yanındadır".
Xatırladaq ki, 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları şəhid olub. Hücumun ardından Türkiyə Silahlı Qüvvələri İraqın Şimalına hava əməliyyatı keçirərək terrorçu qüvvələri məhv edib.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Cümhuriyyət Xalq Partiyası (CHP) Atatürkün ideoloji prinsiplərinin tamamilə əksinə yönəlik siyasət aparır. Analitik vurğulayıb ki, CHP-nin bir növ xarici amillərin carçısına çevrildiyini artıq çox əminliklə demək olar:
"Ən azından ard-arda keçirilən seçkilərdə "Cümhur İttifaqı"na qarşı qurulan müxalif koalisiyanın hərəkətləri bir daha sübut etdi ki, ortada sadəcə CHP-nin yox, qlobal şəbəkələrin də maraqlarını ifadə edən bir siyasət mövcuddur. Çünki CHP-ni PKK-nın siyasi qolu ilə eyniləşdirən, birləşdirən hər hansı ideoloji amil mövcud deyil. O baxımdan qısamüddətli hansısa maraqlar naminə bütövlükdə dövlətin, millətin maraqlarını gözardı etmək Atatürk partiyasına qətiyyən yaraşmaz. Problem sadəcə partiyanın idarəetməsində deyil və görünən odur ki, sükan partiya üzvlərinə deyil, xarici amillərə həvalə olunub. Məsələnin ən ciddi və narahatedici tərəfi budur".
Ekspert xatırladıb ki, 2024-cü ildə Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək: "CHP-nin ötən dövr ərzində yaratdığı bütün koalisiyalarda parçalanmalar olub. İYİ partiya bələdiyyə seçkisinə təkbaşına qatılacağının anonsunu verib. Bu da indiki vəziyyətdə CHP-nin İstanbul və Ankara kimi böyük meqapolis şəhərlərində seçkini uduzacağı anlamına gəlir. Bələdiyyələri itirmək isə CHP-nin hakimiyyətə gəlməsi planlarının üstündən xətt çəkilməsi deməkdir. Meqapolisdəki səslər ümumi səslərin yarısını təşkil edir. Ona görə də CHP-nin PKK-nın siyasi qanadı sayılan partiyaların dəstəyinə ehtiyacı var. Partiya sədri də xaricdən aldığı sifarişlə birgə bəyannaməyə imza atmamağa məcbur qalıb. Terrorla mübarizəyə səs vermək PKK-nın siyasi qollarının dəstəyini itirməkdir. Bu da onu göstərir ki, CHP qarşıdakı seçkilərdə də həmin dairələrin dəstəyini istəyəcək".