İrəvanın başqa çıxış yolu yoxdur, Rusiyaya itaət etmək məcburiyyətindədir
Rəsmi İrəvan nümayəndələrinin birmənalı olmayan bəyanatlarına baxmayaraq, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən əhəmiyyətli dividendlər əldə edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə Ermənistan arasında praqmatik qarşılıqlı sərfəli əməkdaşlıq mövcuddur. Zaxarova qeyd edib ki, Rusiya və Ermənistan ittifaqın digər ölkələri kimi konstruktiv və siyasiləşdirilməmiş dialoq qurur: "Yanvarın 1-dən Avrasiya İttifaqına sədrlik Ermənistana keçir. Bu ölkənin baş naziri Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasında çıxışında İrəvanın İttifaq çərçivəsində tapşırıqların tam şəkildə orta və uzun müddətli perspektivdə yerinə yetirmək məqsədini qarşısına qoyduğunu bəyan edib. Biz tərəfdaşlarımızın bu cür, Avrasiya İqtisadi inteqrasiyasının möhkəmlənməsi və inkişafına istiqamətlənən niyyətini dəstəkləyirik”. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə "Avrasiya İttifaqının siyasi və ya geosiyasi məqsədlər güdməməli olduğunu" deyib. Rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev bunu Rusiyaya qarşı daha bir qəti zərbə adlandırıb. Onun fikrincə, Paşinyan iki stulda oturmağa çalışır: "İqtisadi baxımdan Ermənistanın Aİİ-də olması sərfəlidir. Digər tərəfdən, Ermənistan ilk növbədə hərbi-texniki əməkdaşlıq baxımından Qərbə doğru gedir. Moskva Ermənistanın hərəkətlərinə baxır və sanki deyir: “Yaxşı, görək sizdə nə alınır”. Ermənistanın Aİİ-də iştirakdan çox yaxşı faydaları var və onlardan imtina etməyəcək. Məhz buna görə Paşinyan görüşə gəldi. Fikrimcə, Putinlə Paşinyan arasında təkbətək söhbət olub və bu söhbət zamanı Rusiya lideri ondan artan qərbyönlü vektor və anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı izahat tələb edib”. Digər rusiyalı politoloq Sergey Markov da hesab edir ki, Nikol Paşinyan manevr etmək qərarına gəlib. Onun qənaətincə, Ermənistan baş nazirinin aylardır Vladimir Putinin iştirakı ilə keçirilən və Rusiyanın mühüm, hətta aparıcı rol oynadığı beynəlxalq tədbirləri boykot etmək kampaniyasını niyə dayandırdığı hələlik məlum deyil: "Bəlkə də Fransa və ABŞ ilə danışıqlar onun istədiyi müstəvidə getmir. Ola bilsin, Paşinyan bu yolla siyasi gedişlər edir. İstəyir ki, Fransa və ABŞ ona hərbi baxımdan zəmanət versin. Amma onlar tələsmirlər. Gözləyirlər ki, İrəvan Rusiyadan tam uzaqlaşsın, Türkiyə və Azərbaycanla baş-başa qalsın. Çətin ki, amerikalıların, avropalıların və fransızların ancaq bəyanatlarla kifayətlənməsi Paşinyanı qane etsin". Markov Paşinyanın səfərinin hansı amala xidmət etdiyinin Ermənistanın növbəti addımlarına əsasən aydınlaşacağını bildirib. Məlumat üçün onu da deyək ki, Gürcüstandan Rusiyaya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə minik nəqliyyat vasitələri üçün yol açılıb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan bildirib. Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd keçid məntəqəsi bir müddət tamamilə bağlanmışdı.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Ermənistan yaxın vaxtlarda yenidən Kremlə təslim olacaq və Rusiyaya itaət etmək məcburiyyətində qalacaq. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Ekspertin sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq imkanlarından çox-çox uzaqdır:
"Ermənistanın bütün iqtisadiyyatı məhz Rusiyanın nəzarəti altındadır. Ermənistanın bir çox önəmli müəssisələri Rusiyaya olan borcun qarşılığı olaraq, Kremlin nəzarətinə verilib. Ona görə də Kreml Paşinyan hakimiyyətinin Rusiya əleyhinə fəaliyyətinə səbrli yanaşır. Çünki Kreml çox dəqiq bilir ki, Ermənistan Rusiyanın təsir dairəsindən qaçıb, Qərbə sığına bilməz. Əslində, Baş nazir Nikol Paşinyanın Rusiya səfəri də bunu təsdiqləyir. Belə ki, rəsmi İrəvan buna qədər Rusiyanın patronajlığı altında olan bütün qurumların toplantılarını boykot edirdi. Ancaq tam dəqiq məlumatlar var ki, bu dəfə Kreml Paşinyan hakimiyyətini birbaşa hədələyib. Kremldən Baş nazir Nikol Paşinyana xəbərdarlıq edilib ki, əgər Avrasiya İqtisadi İttifaqının zirvə toplantısına qatılmazsa, Ermənistanın təbii qaz nəqli dayandırılacaq, təbii qazın qiyməti dünya bazarına uyğunlaşdırılacaq, rəsmi İrəvandan yığılmış dövlət borclarının ödənməsi tələb ediləcək. Ona görə də Baş nazir Nikol Paşinyan istəmədiyi halda, Rusiyaya səfər məcburiyyətində qalıb".
Analitik vurğulayıb ki, Ermənistan baş nazirinin Rusiya səfərini iqtisadi faktorlarla əlaqələndirməsi də erməni manipulyasiyasından başqa bir şey deyil:
"Çünki dünyada siyasətdən və geopolitikadan kənarda iqtisadi münasibətlər mövcud deyil. Hətta bəzi dövlətlər hərbi yolla nail ola bilmədikləri geopolitik hədəflərə məhz iqtisadi faktorlarla da çata bilirlər. Erməni baş nazir bu manipulyasiyalarla ABŞ və Qərbə Rusiyaya yönəlik mövqeyinə sadiq olması barədə mesaj verməyə çalışır. Ancaq bütün bu manipulyasiyalar heç bir nəticə verməyəcək. Qərbdə hər kəs, hər şeyi Paşinyandan daha yaxşı bilir. Ona görə də, tezliklə Paşinyan hakimiyyətinin yenidən Rusiyanın orbitinə qayıtmaq məcburiyyətində qalacağı qətiyyən şübhə doğurmur. Xüsusilə də, ABŞ və Qərb Ukrayna savaşında geri çəkildikcə, Ermənistan Rusiyanın himayəsi altına qayıtmaq üçün özü yalvarmağa başlayacaq. Yəni Ermənistan Rusiyaya xəyanət etdiyi kimi, ABŞ və Qərbə də xəyanət edəcək. Çünki Ermənistanın Rusiyadan uzaqlaşmaq şansı mövcud deyil".